Dünya · Editor.az

Tramp, Si Cinpin və Putinin mümkün görüşü dünya nizamına necə təsir göstərə bilər? – Politoloqdan AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp, Si Cinpin və Putinin mümkün görüşü dünya nizamına necə təsir göstərə bilər? – Politoloqdan AÇIQLAMA xəbəri üçün şəkil

Beynəlxalq münasibətlər sistemində artan geosiyasi rəqabət, regional münaqişələrin davam etməsi və böyük dövlətlər arasında maraqların toqquşması qlobal güc balansının gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırır. ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşü də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Görüşün Ukrayna müharibəsinə, Yaxın Şərqdəki proseslərə və beynəlxalq təhlükəsizlik arxitekturasına təsirləri diqqət mərkəzində olsa da, əsas sual böyük dövlətlər arasında mümkün razılaşmaların digər ölkələrin suverenliyi və milli maraqlarına necə təsir göstərəcəyidir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında noyabr ayında Çində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

“Bəzi ekspertlər hesab edirlər ki, bu görüş qlobal təsir dairələrinin yenidən bölüşdürülməsi ilə nəticələnə bilər və hətta onu Yalta konfransı ilə müqayisə edirlər. Bu narahatlığın müəyyən əsasları olsa da, düşünürəm ki, iki hadisənin eyniləşdirilməsi düzgün yanaşma deyil.

Görüşdə nüvə təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, eləcə də Sakit və Hind okeanları hövzəsindəki geosiyasi proseslərin müzakirə olunacağı gözlənilir. Bununla belə, bu təmasın dünyanın təsir dairələrinə bölünməsi ilə nəticələnəcəyini düşünmürəm.

Burada əsas məqam ABŞ, Çin və Rusiyanın beynəlxalq sistemdəki mövqeləri arasındakı fərqlərdir. ABŞ və Çin qlobal güc mərkəzləri kimi çıxış etsələr də, Rusiyanın hazırkı imkanları onu bu iki dövlətlə eyni səviyyədə qiymətləndirməyə əsas vermir. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Pekindən iqtisadi və siyasi asılılığının artması da qüvvələr nisbətinə təsir göstərib. Rusiya müəyyən sahələrdə mühüm təsir imkanlarını qorusa da, onun Çin və ABŞ-la bərabərhüquqlu üçüncü qlobal güc kimi çıxış etməsi hazırkı şəraitdə real görünmür.

Bununla yanaşı, belə bir görüşün Ukrayna üçün müəyyən risklər yaratması mümkündür. Son dövrlərdə Tramp administrasiyasının Ukrayna müharibəsinə yanaşması ilə bağlı yaranan suallar və Kiyevin Rusiya ilə mümkün razılaşmaya hansı şərtlərlə cəlb edilə biləcəyi ətrafında müzakirələr Ukraynada narahatlığı artırır. Xüsusilə, Vaşinqtonun Moskvanın maraqlarını nəzərə alan mövqe sərgiləməsi ehtimalı Ukraynanın danışıqlardakı mövqeyinə mənfi təsir göstərə bilər.

Hesab edirəm ki, üçtərəfli görüşdə Ukrayna müharibəsi ilə bağlı müəyyən razılaşmaların müzakirəsi mümkündür. Lakin bu razılaşmaların hansı nəticələr doğuracağı tərəflərin mövqelərindən, eləcə də ABŞ və Rusiyanın qarşılıqlı güzəştlərə nə dərəcədə hazır olmasından asılı olacaq. Eyni zamanda, görüşün nəticələri yalnız Ukrayna ilə məhdudlaşmayacaq, bütövlükdə beynəlxalq münasibətlər sisteminə də təsir göstərə bilər.

Digər tərəfdən, hazırda birqütblü dünya nizamının zəiflədiyini və beynəlxalq sistemin daha mürəkkəb güc balansına doğru dəyişdiyini müşahidə edirik. Rusiya Prezidenti uzun müddətdir çoxqütblü dünya modelini müdafiə etsə də, yaxın perspektivdə iki əsas güc mərkəzinin — ABŞ və Çinin — beynəlxalq proseslərə təsirinin daha da artması ehtimalı yüksəkdir. Digər dövlətlərin isə əsasən regional güc mərkəzləri kimi çıxış edəcəklərini düşünürəm. Rusiyanın qlobal miqyasda daha böyük rol oynamaq potensialı mövcud olsa da, hazırkı geosiyasi və iqtisadi şərtlər onun ABŞ və Çinlə eyni səviyyədə dayanmasını çətinləşdirir.

Yalta konfransı ilə mümkün görüş arasında müqayisə apararkən tarixi şəraiti də nəzərə almaq lazımdır. İkinci Dünya müharibəsinin son mərhələsində keçirilən Yalta konfransı zamanı müharibənin nəticələri və əsas güc mərkəzlərinin mövqeləri böyük ölçüdə müəyyənləşmişdi. İndiki vəziyyət isə bundan ciddi şəkildə fərqlənir. Rusiya-Ukrayna müharibəsinin yekun nəticəsi bəlli deyil, Yaxın Şərqdəki münaqişələr davam edir, ABŞ və Çin arasında isə Tayvan məsələsi ilə bağlı fundamental fikir ayrılıqları qalmaqdadır.

Belə bir şəraitdə böyük dövlətlərin mövcud problemləri vahid razılaşma çərçivəsində həll edəcəklərini düşünmək üçün əsaslar məhduddur. Buna görə də mümkün üçtərəfli görüşü indidən ikinci Yalta konfransı kimi təqdim etmək tələsik yanaşma olardı. Görüşün real əhəmiyyəti dünyanın təsir dairələrinə bölünməsindən daha çox, böyük güclər arasındakı münasibətlərin gələcək istiqamətinə və regional münaqişələrin həllinə göstərəcəyi təsirlə müəyyənləşəcək”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑