Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Rusiya–Afrika sammitində Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə 50-yə yaxın Afrika ölkəsi iştirak edib, onların təxminən 20-si dövlət və ya hökumət başçıları səviyyəsində təmsil olunub.
Putin çıxışında Rusiya ilə Afrika arasında tarixi əlaqələrə toxunaraq ticarət, enerji, sənaye, mədənçilik, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini təklif edib. O, Rusiyanın Afrika ölkələrinə taxıl və mineral gübrə ixracını da Moskvanın ərzaq təhlükəsizliyinə töhfəsi kimi təqdim edib.
Rusiya prezidentinin sözlərinə görə, iki tərəf arasında ticarət dövriyyəsi ötən il 27 milyard dolları ötüb. Moskva həmçinin təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığa xüsusi diqqət yetirir. AP-nin məlumatına əsasən, Afrikadan təxminən 40 min tələbə Rusiya universitetlərində təhsil alır.
Sammitin əsas geosiyasi əhəmiyyəti Rusiyanın Afrika qitəsində mövqelərini gücləndirmək cəhdidir. ABŞ, Avropa İttifaqı və Çin də Afrika ilə iqtisadi və siyasi əlaqələrini genişləndirməyə çalışdığı üçün qitə beynəlxalq rəqabətin mühüm istiqamətlərindən biri olaraq qalır.
//Samir Qurbanov, Editor.az




