Yaponiyanın Naqoya Universitetinin alimləri infarktdan sonra ürəkdə çapıq toxumasının yaranmasında BCAT1 fermentinin rolunu müəyyən ediblər.
Editor.az xəbər verir ki, Journal of Clinical Investigation elmi jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, bu fermentin fəaliyyətinin bloklanması ürək əzələsində fibroz prosesini zəiflədə bilər.
İnfarktdan sonra ürək əzələsinin zədələnmiş sahələri birləşdirici toxuma ilə əvəz olunur. Bu proses orqanizmin sağalma mexanizminin bir hissəsi olsa da, çapıq toxumasının həddindən artıq yaranması ürəyin sərtləşməsinə və qanı effektiv şəkildə pompalamaq qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Ağır hallarda bu dəyişikliklər ürək çatışmazlığı ilə nəticələnə bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, BCAT1 fermenti kollagenin istehsalı üçün zəruri olan prolin adlı amin turşusunun hüceyrələr tərəfindən əldə edilməsinə kömək edir. Kollagen isə çapıq toxumasının formalaşmasında əsas rol oynayır.
Siçanlar üzərində aparılan təcrübələrdə BCAT1 geni deaktiv edilmiş heyvanlarda infarktdan sonra daha az çapıq toxuması yaranıb və ürəyin funksiyası daha yaxşı qorunub. Alimlər ERG240 adlı maddədən istifadə etməklə də oxşar nəticə əldə ediblər. Bu maddə fermentin fəaliyyətini bloklayır.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də müalicəyə infarktdan yeddi gün sonra, yəni çapıq toxumasının formalaşması artıq başladıqdan sonra başlanıldıqda belə müsbət təsirin müşahidə edilməsidir.
Bundan əlavə, ürək çatışmazlığı olan pasiyentlərdən götürülmüş ürək toxumalarının təhlili zamanı alimlər güclü fibroz müşahidə edilən sahələrdə BCAT1 fermentinin səviyyəsinin yüksəldiyini aşkarlayıblar. Bu nəticə fermentlə insanlarda patoloji çapıqlaşma arasında mümkün əlaqəyə işarə edir.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə BCAT1 fermentinin fəaliyyətinə təsir göstərilməsi infarktdan sonra ürək çatışmazlığının qarşısının alınmasına yönəlmiş yeni müalicə yanaşmasının əsasını təşkil edə bilər.
Bununla belə, hazırkı nəticələr əsasən heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Metodun insanlarda effektivliyini və təhlükəsizliyini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
//Gülnarə Abasova, Editor.az


