Almaniyada hakim koalisiyanın tərəfdaşı olan Sosial Demokrat Partiyasının (SPD) həmsədri və Əmək və Sosial Məsələlər naziri Barbel Bas həm partiyadakı, həm də hökumətdəki vəzifələrindən istefa verib. O, qərarını ögey qızının vəfatından sonra yas saxlamaq üçün zamana ehtiyac duyması və koalisiya tərəfdaşlarının ona qarşı tənqidlərinin güclənməsi ilə əsaslandırıb.
Musavat.com xəbər verir ki, Barbel Bas sosial şəbəkədə yaydığı açıqlamada şəxsi həyatında yaşadığı ağır itkidən sonra vəzifələrini lazımi səviyyədə yerinə yetirmək üçün özündə kifayət qədər güc hiss etmədiyini bildirib.
“Ögey qızımın ölümündən sonra yasımı yaşamaq və bu itki ilə barışmaq üçün zamana ehtiyacım olduğunu anladım. Özümə bu vaxtı ayırmaq istəyirəm”, – deyə Bas qeyd edib.
O, eyni zamanda, çətin dövründə koalisiya tərəfdaşlarının sıralarından ona qarşı ictimai tənqidlərin daha da gücləndiyini vurğulayıb.
Bas bildirib ki, hökumətdə və partiyada üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirə bilməyəcəyini düşündüyü üçün hər iki postdan ayrılmaq qərarına gəlib. O, SPD-nin həmsədri və baş nazirin müavini Lars Klinqbayla da partiya rəhbərliyindən getdiyini bölüşüb, həmçinin kanslerdən nazir vəzifəsindən azad edilməsini istəyib.
Məlumata görə, Barbel Basdan sonra boşalan Əmək və Sosial Məsələlər Nazirliyinə Reynland-Pfalts əyalətinin keçmiş baş naziri Aleksandr Şvaytserin gətiriləcəyi bildirilir.
1973-cü il təvəllüdlü SPD üzvü Şvaytser 2024-cü ilin iyulundan 2026-cı ilin mayınadək Reynland-Pfalts əyalətinin baş naziri vəzifəsində çalışıb.
SPD-nin həmsədri postunu kimin tutacağı isə hələlik məlum deyil.
Almaniyanın hakim koalisiyasında iş saatlarının çevikləşdirilməsi və pensiya islahatları ilə bağlı planlar səbəbindən bir müddətdir fikir ayrılıqları yaşanır. Koalisiyaya Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından (CDU/CSU) ibarət blokla SPD daxildir.
SPD-nin Şimali Reyn-Vestfaliya üzrə parlament qrupunun rəhbəri Yoçen Ott Basın yas saxladığı dövrdə ona qarşı yönələn şəxsi hücumları tənqid edib.
Siyasi müşahidəçilər Basın istefasını dəstəyi azalan koalisiya hökuməti üçün növbəti zərbə kimi qiymətləndirirlər. Məqalədə qeyd olunur ki, sorğularda Almaniya üçün Alternativ (AfD) partiyasının koalisiya partiyalarını qabaqlaması hakimiyyət daxilindəki problemləri daha da diqqət mərkəzinə gətirib.
Musavat.com



