Almaniyanın paytaxtı Berlində dünyanın aparıcı qlobal səhiyyə platformalarından olan Dünya Səhiyyə Sammiti işə başlayıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 11-dək keçiriləcək Sammit “Böhrandan dayanıqlılığa – səhiyyə üçün innovasiyalar” mövzusuna həsr olunub.
Siyasətçiləri, alimləri, səhiyyə mütəxəssislərini, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirən tədbirdə 4 mindən çox iştirakçının şəxsən, 45 mindən çox iştirakçının isə onlayn formatda iştirakı, 400-dən çox məruzənin dinlənilməsi, ümumilikdə 140-dan çox sessiya və digər paralel tədbirlərin təşkili nəzərdə tutulur.
Sammit çərçivəsində dünyanın aparıcı elmi tibbi nəşrlərindən sayılan “The Lancet” jurnalında dərc edilən beynəlxalq komissiyanın yeni hesabatı da təqdim olunub. 204 ölkə və ərazini əhatə edən təhlillərə əsaslanan hesabatda 2025-2100-cü illərdə insan sağlamlığı və həyatı üçün ən ciddi təhlükə yaradan 17 təhdid müəyyənləşdirilib. Bunlara xəstəliklər, sosial-iqtisadi problemlər, iqlim dəyişiklikləri, texnoloji risklər və münaqişələr daxildir.
Müzakirələrdə vurğulanıb ki, gələcək nəsillərin sağlamlığı bu gün qəbul edilən qərarlardan, səhiyyəyə yatırılan investisiyalardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Buna görə də əsas məqsəd yalnız böhranlara cavab vermək deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək və səhiyyə sistemlərinin dayanıqlılığını gücləndirməkdir.
2009-cu ildən etibarən hər il oktyabrda təşkil olunan Dünya Səhiyyə Sammiti elmi bilikləri, innovasiyaları və siyasi qərarları birləşdirərək qlobal səhiyyə problemlərinə birgə həll yollarının tapılmasını hədəfləyir. Tədbir gələcək sağlamlıq böhranlarına hazırlığın gücləndirilməsi və hər kəs üçün əlçatan, dayanıqlı səhiyyə sistemlərinin qurulması baxımından mühüm platformadır.
Dünya Səhiyyə Sammiti sağlamlığın qlobal məsuliyyət olduğunu və davamlı tərəqqinin beynəlxalq əməkdaşlıqdan başladığını nümayiş etdirir.


Bizim.Media






