İqtisadiyyat · BiG.az

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar? xəbəri üçün şəkil

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Bank faizlərin həddindən artıq yüksəlməsinin və vətəndaşların borc yükünün nəzarətsiz artmasının qarşısını almaq üçün təsirli tədbirlər görə bilər.
İlk növbədə, kredit faizlərinin formalaşması daha şəffaf olmalıdır. Bankların tətbiq etdiyi komissiyalar və əlavə ödənişlər kreditin ümumi dəyərində aydın şəkildə göstərilməlidir. Xüsusilə istehlak kreditləri üzrə borcalanın gəlirləri ilə borc öhdəlikləri arasındakı nisbətə daha ciddi tələblər tətbiq edilə bilər. Bu, vətəndaşların ödəmə imkanlarını aşan kreditlər götürərək borc bataqlığına düşməsi riskini azalda bilər.
Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin gücləndirilməsi də vacibdir. Bankların maliyyə resurslarına çıxışı genişləndikcə və kredit bazarında alternativlər artdıqca, müştərilər uğrunda rəqabət güclənə və faiz dərəcələrinin azalmasına şərait yarana bilər. Eyni zamanda, problemli kreditlərin artmasının qarşısını almaq lazımdır. Çünki borcalanların ödəmə qabiliyyətinin zəifləməsi və kredit risklərinin yüksəlməsi bankların faiz dərəcələrinə əlavə risk payı daxil etməsinə səbəb ola bilər.
Digər mühüm məsələ əhalinin gündəlik ehtiyaclarını qarşılamaq üçün istehlak kreditlərindən asılılığının azaldılmasıdır. Vətəndaş gündəlik xərclərini ödəmək üçün mütəmadi olaraq kredit götürməyə məcbur qalırsa, bu, gəlirlərlə xərclər arasında ciddi uyğunsuzluğun mövcudluğuna işarə edə bilər. Buna görə də əməkhaqlarının və real gəlirlərin artırılması, xüsusilə sosial baxımdan həssas əhali qruplarının alıcılıq qabiliyyətinin qorunması kredit borcunun artmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, problemin həlli banklara sadəcə faizləri artırmamaq barədə göstəriş verməklə mümkün deyil. Bunun üçün bank sektorunda rəqabət gücləndirilməli, məsuliyyətli kreditləşmə prinsiplərinə əməl olunmalı, borcalanların hüquqları qorunmalı və əhalinin real gəlirlərinin artırılması istiqamətində tədbirlər görülməlidir. Kompleks yanaşma həm bank sektorunun maliyyə sabitliyinin qorunmasına, həm də vətəndaşların borc yükünün azaldılmasına kömək edə bilər.

Akif Nəsirli-Liberal İqtisadçılar Mərkəzinin sədri






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑