Milli Məclis Azərbaycanın radiorabitə sahəsində beynəlxalq öhdəlikləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı iki mühüm qərar qəbul edib.
“Report” xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü plenar iclasında “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri” ratifikasiya edilib. Sənəd Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları əsasında qəbul olunub və Azərbaycanın müvafiq bəyanatı ilə təsdiqlənib. Layihə bir oxunuşda qəbul edilib.
Bununla yanaşı, Cinayət və Cinayət-Prosessual məcəllələrinə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi və hüquqi şəxslərin məsuliyyətinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Dəyişikliklərə əsasən, hüquqi şəxsdə maliyyə əməliyyatlarına nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər terrorçuluğun maliyyələşdirilməsi cinayətini törədərsə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq edilə biləcək. Bu tədbirlərin görülməsi cinayətin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması məqsədilə törədilməsindən asılı olmayacaq.
Sənəddə vurğulanıb ki, terrorizmin maliyyələşdirilməsinin digər iqtisadi xarakterli cinayətlərdən əsas fərqi maliyyə mənfəəti əldə etmək deyil, vəsaitləri terror aktlarının, terror təşkilatlarının və ya terrorçuların fəaliyyətinin maliyyələşdirilməsinə yönəltməkdir.

