Ölkə · Modern.az

Prezident Xalq rəssamını təbrik etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident Xalq rəssamını təbrik etdi
Prezident Xalq rəssamını təbrik etdi

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb.

Modern.az həmin məktubun mətnini təqdim edir:

"Hörmətli Fərhad Xəlilov!

Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri forma rəngarəngliyi, kompozisiya həlli, estetik mükəmməlliyi və ideya-bədii dəyəri ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini, xüsusən Abşeron mənzərələrini əks etdirən tablolarınız milli boyakarlıq irsini zənginləşdirən dəyərli sənət nümunələridir.

Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş sərgilərdə, muzey və qalereyalarda nümayiş etdirilən əsərlərinizlə Siz Azərbaycan rəngkarlıq mədəniyyətini həmişə layiqincə təmsil etmiş, novator ruhlu sənətkar və eyni zamanda milli təsviri sənətimizin çoxəsrlik ənənələrinə sadiq istedadlı rəssam kimi tanınmışsınız.

Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində göstərdiyiniz təşkilatçılıq bacarığı və yeni dövr rəssamlar nəslinin formalaşmasında uzunmüddətli təqdirəlayiq səmərəli fəaliyyətiniz yüksək qiymətləndirilmişdir.

İnanıram ki, Siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı üçün var qüvvənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram".

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑