Dünya · Banker.az

"Financial Times": Cənubi Koreya Rusiya ilə yaxınlaşır, Avropa narahatdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Financial Times": Cənubi Koreya Rusiya ilə yaxınlaşır, Avropa narahatdır xəbəri üçün şəkil

Cənubi Koreya Ukraynadakı müharibəyə və Moskvanın Şimali Koreya ilə hərbi əməkdaşlığına baxmayaraq, Rusiya ilə siyasi və iqtisadi əlaqələrini tədricən bərpa etməyə çalışır. Seulun bu siyasəti Avropa ölkələrinin narahatlığına səbəb olub.

Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın iqtisadiyyat və beynəlxalq siyasət üzrə ixtisaslaşmış “Financial Times” qəzeti oktyabrın 28-də məlumat yayıb.

Nəşrin yazdığına görə, Cənubi Koreya Prezidenti Li Çje Myonun administrasiyası Moskva ilə diplomatik və kommersiya əlaqələrinin genişləndirilməsi istiqamətində müəyyən addımlar atır.

Bu istiqamətdə diqqətçəkən hadisələrdən biri Cənubi Koreyanın konteyner gəmisinin Rusiyanın Arktika sahillərindən keçən Şimal dəniz marşrutundan istifadə etməsi olub.

Oktyabrın 11-də “PanStar Acro” adlı gəmi Avropaya səfərini tamamlayaraq Pusan limanına qayıdıb. Yeni marşrut Süveyş kanalı ilə müqayisədə Avropaya daşınma müddətini təxminən 10 gün azaldır. Lakin həmin marşrutdan istifadə Rusiya ilə koordinasiya tələb edir.

Avropalı diplomatlar bu addımı Seulun Moskva ilə iqtisadi əməkdaşlığı genişləndirmək marağının göstəricilərindən biri hesab edirlər.

Bundan əlavə, iyul-avqust aylarında Cənubi Koreya limanlarından Rusiyaya 176 min tondan çox yanacağın, əsasən dizelin daşındığı barədə məlumatlar yayılıb. Daşımaların bir hissəsinin Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan tankerlərlə həyata keçirildiyi bildirilir.

Cənubi Koreya hökuməti isə Rusiyaya birbaşa yanacaq ixracı barədə iddiaları qəbul etmir və mümkün yanlış gömrük bəyannamələrini araşdırdığını bildirir.

Eyni zamanda Seulla Kiyev arasında diplomatik münasibətlər də pisləşib.

Tərəflər arasında mübahisə Ukraynada əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verilməsi barədə məlumatların ictimailəşdirilməsindən sonra yaranıb.

Seul Ukraynanı məxfilik razılaşmasını pozmaqda ittiham edib və ölkədəki səfirini, eləcə də bir neçə diplomatını geri çağırıb.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə oktyabrda bildirib ki, Moskva Cənubi Koreyadan münasibətlərin normallaşdırılması ilə bağlı müəyyən siqnallar alıb. Tərəflər arasında birbaşa aviareyslərin bərpası imkanları da müzakirə olunur.

Bununla belə, Cənubi Koreya Xarici İşlər Nazirliyi ölkənin Rusiyaya həddindən artıq yaxınlaşması barədə iddiaları rədd edib. Nazirlik Seulun Ukraynadakı müharibənin dayandırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini vurğulayıb.

Analitiklər hesab edirlər ki, Cənubi Koreyanın yanaşması Moskvanın siyasətini dəstəkləməkdən daha çox, uzunmüddətli iqtisadi və diplomatik maraqlarını qorumaq məqsədi daşıyır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑