Tramp üçün son şans: Ukrayna ABŞ liderini çətin vəziyyətə salıb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner oktyabrın sonunda yenidən Moskvaya səfər edərək, diplomatik çıxılmazlığı aradan qaldırmaq üçün yenilənmiş ideyalar və təkliflər təqdim edə bilərlər.
“Bakupost” xəbər verir ki, belə bir açıqlama ilə "Axios" saytı çıxış edib.
Bildirilir ki, bu ideyalar Mayamidə Avropa və Ukrayna nümayəndə heyətləri ilə danışıqlar zamanı razılaşdırılacaq.
Media orqanları qeyd edir ki, Ağ Ev administrasiyası ABŞ-dəki aralıq seçkiləri ərəfəsi Ukrayna məsələsində diplomatik irəliləyiş əldə etməyə çalışır.
Vaşinqtonun məqsədi enerji şəbəkəsinə və taxıl sektoruna hücumların dayandırılmasını əhatə edən atəşkəs barədə danışıqlar aparmaqdır. Ukrayna artıq buna razılıq verib, lakin Rusiya təklifi dəstəkləməkdə tərəddüd edir.
Aralıq seçkisi ərəfəsi Tramp bu istəyinə nail olacaqmı?
Siyasi şərhçi Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, ABŞ Prezidentinin bundan sonrakı siyasəti əsasən məhz Nümayəndələr Palatası və Senatda hansı formada, nə qədər yerlə təmsil olunmasından asılı olacaq:
“ABŞ aralıq seçkilərinə hazırlaşır. Tramp adminstrasiyasının da burada məqsədi təmsil etdikləri partiyanın daha çox yerə sahib olmağa nail olmaqdır. Buna nail olmaq üçün də Tramp adminstrasiyası bütün imkanlardan yararlanmağa çalışır”. Ekspert qeyd edir ki, hələlik onun bu yöndə atdığı addımlar istənilən nəticəni vermir: “Hörmüz boğazı ətrafındakı vəziyyət, Ukrayna-Rusiya müharibəsi ABŞ-nin özündə belə iqtisadi durumun müəyyən dərəcədə ağırlaşmasına səbəb olub. Ölkədə enerji daşıyıcılarının qiyməti durmadan artır.
Belə durumda ABŞ döyüş gedən cəbhələrdə mütləq atəşkəsə nail olmalıdır ki, Tramp da bunu qələbə kimi təqdim edib, aralıq seçkilərdə uğur qazana bilsin”.
Müsahibimizin sözlərinə görə, bu fonda Tramp yəqin ki, özü üçün əsas çıxış yolunu Rusiya ilə Ukrayna arasında vasitəçilikdə görür:
“Hazırki ana qədər Trampın bu istiqamətdə səyləri istənilən nəticəni verməyib. Ona görə növbəti dəfə nümayəndələrini Kiyev və Moskvaya göndərməyi düşünür və Vaşinqtondan gələn məlumatlara görə yeni təkliflər masa üzərindədir. Lakin öncə bu təkliflər Kiyev və Avropa İttifaqı ilə müzakirə edilməlidir. Yalnız bundan sonra ABŞ nümayəndələri Moskvaya səfər edəcək”.
Həmsöhbətimiz deyir ki, Tramp üçün əsas problem bir deyil, 3 tərəfi razı salmaq məsələsidir:
“Ona görə də ümumi xətt tapmaq olduqca çətindir. Çünki Rusiya tərəfi Trampın istəyinin əleyhinə yönəlik addımlar atmaqda davam edir. Moskva Trampın seçkilərə əldə edilən nəticə ilə getməsi qarşılığında, ondan ciddi güzəştlər tələb edir. Kreml Donetsk vilayətini tamamilə götürmək və özünü qalib kimi təqdim etmək istəyir. Tramp da bu müstəvidə Kiyevi razı salmalıdır. Ancaq Ukrayna və Aİ buna razı deyil. Deməli, Trampın Kiyevlə Moskvanı danışıqlar masası ətrafında oturtması ciddi problemdir”.
Bu səbəbdən Ə. İbrahimov düşünür ki, Trampın bütün cəhdləri nəticəsiz qalacaq:
“O, aralıq seçkilərinə qədər nə Ukrayna, nə də Yaxın Şərq probleminin çözülməsində nəzərə çarpacaq nailiyyət əldə edə bilməyəcək. Seçkilərdən sonra isə qanunverici orqanlarda demokratlar üstün olsalar, Tramp üçün vəziyyət daha da ağır ola bilər”.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.


