Afsəddin Nəbiyev: “Qafqazın gələcəyi yeni açılan yolların və çəkilən enerji xətlərinin üzərində bərqərar olmalıdır”
Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar. Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.
Bütün bunlar o qənaətə gəlməyə əsas verirmi ki, TRİPP layihəsi ilə bağlı dahada sürətləndiriləcək? Diqqəti çəkən odur ki, Zəngəzur dəhlizi ilə elektrik xətti də çəkiləcək.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, elektrik xətlərinin çəkilişinin TRİPP çərçivəsində müzakirə edilməsi regional bağlantılar məsələsinin nəqliyyatla məhdudlaşmadığını göstərir: “Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın aidiyyəti qurumları arasında keçirilən texniki görüş layihənin praktiki icrası istiqamətində mühüm addımdır. Konkret tikinti qrafiki hələ bəyan edilməsə də, qurumlararası əlaqələndirmənin başlaması prosesin müsbət istiqamətdə irəlilədiyinə işarə edir. Gorus görüşünü daha geniş iqtisadi kontekstdə qiymətləndirmək lazımdır. Ermənistan rəhbərliyinin də bildirdiyi kimi, TRİPP təkcə dəmir yolu xətti ilə məhdudlaşmır, bura avtomobil yolları, boru kəmərləri, kabellər və elektrik ötürücü xətləri də daxildir. Söhbət bütövlükdə Cənubi Qafqazda qarşılıqlı faydalı iqtisadi modelin qurulmasından gedən prosesdən gedir. Siyasi bəyanatların real nəticə verməsi üçün konkret qərarlar və razılaşdırılmış mexanizmlər tələb olunur. Azərbaycan öz mövqeyini ortaya qoyub, indi əsas vəzifə Ermənistanın da üzərinə düşən praktiki addımları ardıcıl atmasıdır. Risklərin əvvəlcədən qiymətləndirilməsi, infrastrukturun fasiləsiz işləməsi və tərəflərin məsuliyyət bölgüsü dəqiq müəyyən edilməlidir. Nəqliyyat və enerji təchizatının etibarlılığı qarşılıqlı razılaşdırılmış dayanıqlı mexanizmlərlə mümkündür. Sülh siyasi bəyanatlarla möhkəmlənmir. Ticarət dövriyyəsinin artması, kommunikasiyaların açılması və enerji əməkdaşlığı sülhün praktiki zəminini yaradır. Naxçıvanla birbaşa bağlantı, Türk dünyası ilə əlaqələrin dərinləşməsi və beynəlxalq nəqliyyat şəbəkələrində rolun artmasını şərtləndirir.
Nəticə etibarilə, Qafqazın gələcəyi yeni açılan yolların və çəkilən enerji xətlərinin üzərində bərqərar olmalıdır. Azərbaycanın sülh gündəliyinin əsas məntiqi də qarşıdurmanın imkanları məhdudlaşdırdığını, əməkdaşlığın isə bütün region üçün yeni perspektivlər açdığını göstərməkdir. Bu baxımdan nəqliyyat əlaqələrinin tezliklə açılması Cənubi Qafqazda dayanıqlı sülhün inkişafının qarantiyasıdır”.
Vidadi ORDAHALLI




