Bakı. Trend:
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunu, müstəqil xarici siyasətini və Avrasiya məkanında strateji mövqeyini bir daha nümayiş etdirdi. Səfər siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, nəqliyyat, logistika, enerji, investisiya və ekoloji təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Mərkəzi Asiya ilə münasibətlərdə tarixi mərhələ
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafında 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə ölkəmizin bu formata tamhüquqlu üzv kimi qoşulması haqqında qərarın yekdilliklə qəbul edilməsi xüsusi yer tutur. Bu qərar Azərbaycanın regional proseslərdə artan rolunun, tərəfdaş dövlətlərlə qarşılıqlı etimadın və strateji əməkdaşlığın göstəricisidir. Eyni zamanda, Azərbaycanla Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi yaxınlaşmasına yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan MDB, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatlarında fəal iştirak edir. Ölkəmiz MDB-ni siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-logistika və humanitar əməkdaşlıq üçün faydalı platforma hesab edir. Bununla belə, bu formatlarda iştirak Azərbaycanın müstəqil qərarvermə prinsipinə, suverenliyinə və milli maraqlarına əsaslanır. Azərbaycanın regional inteqrasiyaya yanaşması bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq üzərində qurulub.
Türkmənbaşı görüşündə imzalanan birgə bəyanat və Məşvərət Görüşünün tənzimləyici sənədləri haqqında qərar da bu əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
İqtisadi əməkdaşlıq siyasi yaxınlaşmanı möhkəmləndirir
Mərkəzi Asiya ölkələri ilə münasibətlər artıq təkcə diplomatik təmaslarla məhdudlaşmır. Prezident İlham Əliyevin görüşdə açıqladığı məlumatlara görə, ötən il Azərbaycanın həmin ölkələrlə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə Azərbaycanda 400-dən artıq şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondlarının hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Bu imkanlardan istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması, birgə sərmayələrin yatırılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün əlverişli zəmin mövcuddur.
Milli Məclisin deputatı Fatma Yıldırım mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu üzv qəbul edilməsi Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasətinin mühüm nəticəsidir.
Deputatın fikrincə, siyasi yaxınlaşmanın konkret iqtisadi nəticələrlə müşayiət olunması əməkdaşlığın əsas xüsusiyyətidir. O, birgə investisiya fondlarının istehsalın təşkili və sənaye əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar açdığını vurğulayıb.
Fatma Yıldırım Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tranzit ölkə kimi mövqeyinin güclənməsində nəqliyyat, logistika və energetika sahələrinin rolunu xüsusi qeyd edib.
Onun sözlərinə görə, Türkmənistan neftinin də daxil olduğu Mərkəzi Asiya enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması, Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində əməkdaşlıq regional enerji təhlükəsizliyini gücləndirir.
Deputat, həmçinin Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfələrin mənəvi əhəmiyyətini vurğulayıb:
"Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikməsi xalqlar arasında qardaşlıq və həmrəyliyin konkret təzahürüdür".
Fatma Yıldırım hesab edir ki, regional əməkdaşlığın gələcək inkişafı üçün sülh və təhlükəsizliyin qorunması vacibdir. Azərbaycanın siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi həm ölkələrin milli maraqlarına, həm də regionda davamlı sabitliyə xidmət edir.
Orta Dəhliz Azərbaycanın geoiqtisadi üstünlüyüdür
Azərbaycanın coğrafi mövqeyi Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm bağlantı yaratmağa imkan verir. Lakin bu üstünlüyün real iqtisadi gücə çevrilməsi müasir infrastrukturun yaradılmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini tələb edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları, avtomobil magistralları, hava limanları və gəmiçilik imkanları bu strategiyanın əsas elementləridir.
Prezident İlham Əliyevin təşəbbüsləri və infrastruktur layihələrinə yatırılan sərmayələr nəticəsində Orta Dəhlizin əhəmiyyəti artıb. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrut beynəlxalq təchizat zəncirlərinin şaxələndirilməsi üçün mühüm imkan yaradır. Bu xəttin əhəmiyyəti yalnız coğrafi məsafə ilə deyil, həm də daşımaların təhlükəsizliyi, etibarlılığı və alternativ marşrutlara ehtiyacla müəyyən olunur.
Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə açıqladığı göstəricilərə əsasən, Orta Dəhliz üzrə tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu dinamika marşruta marağın yüksəldiyini göstərir. Eyni zamanda, artan yük axınının səmərəli idarə olunması, gömrük prosedurlarının uyğunlaşdırılması, rəqəmsal sənəd dövriyyəsi, tariflərin əlaqələndirilməsi və sərhəd keçidlərinin sürətləndirilməsi zərurətini artırır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat və logistika əməkdaşlığı münasibətlərin yeni mərhələsinin əsas strateji dayaqlarından biridir. Onun fikrincə, Xəzər dənizi əvvəllər iki region arasında təbii maneə kimi qəbul edilsə də, hazırda sahillərdəki limanlar, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri vasitəsilə birləşdirici funksiyanı gücləndirir.
Deputat qeyd edib ki, Azərbaycanın liman, dəmir yolu, avtomobil və hava nəqliyyatı infrastrukturuna, eləcə də gəmiqayırma potensialına yatırdığı sərmayələr coğrafi üstünlüyü iqtisadi imkana çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın mühüm hissələridir. Bununla yanaşı, Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız fiziki infrastruktura deyil, gömrük prosedurlarının sadələşdirilməsinə, rəqəmsallaşmaya, vahid tarif yanaşmalarına və limanlararası koordinasiyaya da bağlıdır.
Sevinc Fətəliyevanın sözlərinə görə, Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsini nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə beynəlxalq bazarlara nəqli, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi üzrə görülən işlər eyni coğrafiyada nəqliyyat, enerji və rəqəmsal bağlantıları birləşdirir. Beləliklə, Azərbaycan Mərkəzi Asiya ölkələrinin Qərbə çıxış imkanlarını genişləndirir, özü isə Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir.
Xəzər dənizi: nəqliyyat imkanları və ekoloji təhlükəsizlik
Azərbaycanın regional strategiyasında Xəzər dənizi yalnız iqtisadi və nəqliyyat bağlantısı deyil, həm də sülh, sabitlik və ortaq məsuliyyət məkanıdır. Xəzəryanı dövlətlər arasında etimadın möhkəmləndirilməsi, təhlükəsizlik və ekoloji problemlərin birgə həlli uzunmüddətli inkişaf üçün vacibdir.
Xəzərin su səviyyəsinin azalması isə getdikcə daha ciddi çağırışa çevrilir. Dənizin 20 min kvadratkilometrdən artıq ərazisinin quruması ilə bağlı göstəricilər problemin miqyasını göstərir. Bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, sahilyanı infrastruktura, biomüxtəlifliyə və əhalinin sosial-iqtisadi həyatına mənfi təsir göstərir.
Prezident İlham Əliyev hələ 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bu məsələyə diqqət çəkərək xüsusi işçi qrupunun yaradılmasını təklif etmişdi. Problemin davamlı həlli üçün daimi əməkdaşlıq mexanizminin formalaşdırılması, elmi araşdırmaların genişləndirilməsi və sahilyanı dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi vacibdir.
Xəzərin səviyyəsinin enməsini yalnız iqlim dəyişikliyi ilə izah etmək düzgün olmazdı. İnsan fəaliyyəti və çayların su ehtiyatlarından istifadə də nəzərə alınmalıdır. Dənizə daxil olan çay sularının təxminən 80 faizi Volqa çayının payına düşdüyündən, həmin çayın axınındakı dəyişikliklər Xəzərin su balansına əhəmiyyətli təsir göstərir. Buna görə də problemin həlli regional koordinasiya, elmi əsaslandırılmış qərarlar və müvafiq hüquqi-institusional mexanizmlər tələb edir.
Azərbaycan-Türkmənistan münasibətlərində yüksələn dinamika
Türkmənistana səfər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündə ötən ildən etibarən ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirildiyi vurğulanıb. Bu göstərici siyasi dialoqun intensivliyini və əlaqələrin inkişaf tempini nümayiş etdirir.
İqtisadiyyat, energetika, tranzit, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar iki ölkənin regional proseslərdə qarşılıqlı fəaliyyətini daha da gücləndirə bilər. Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici mövqeyi Türkmənistanla münasibətlərə də əlavə strateji məzmun qazandırır.
Regional sülh və müstəqil xarici siyasət
Azərbaycanın regional əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindən biri dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin təşviqidir. Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişlər nəqliyyat bağlantılarının bərpası, iqtisadi əlaqələrin genişlənməsi və Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün yeni perspektivlər yaradır.
Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın yalnız mövcud əməkdaşlıq platformalarında iştirak etmədiyini, eyni zamanda regional gündəliyin formalaşmasına töhfə verdiyini göstərir. MDB məkanında praqmatik əməkdaşlıq, Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq, Türk dünyası ilə əlaqələr, Orta Dəhlizin inkişafı və Xəzərin ekoloji problemlərinin həlli vahid xarici siyasət strategiyasının bir-birini tamamlayan istiqamətləridir.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi siyasi nüfuzla yanaşı, konkret iqtisadi, nəqliyyat, enerji və humanitar layihələrə əsaslanır. Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsi ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş və mühüm tranzit qovşağı rolunu artırır. Prezident İlham Əliyevin Türkmənistana səfəri isə bu siyasətin davamlılığını, Azərbaycanın regional inteqrasiyada fəal mövqeyini və sülh, sabitlik, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha ön plana çıxarır.


