"Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir".
Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”.
Prezident, həmçinin deyib: “Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”.

Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə nəqliyyatı əməkdaşlığın əsas sahələrindən biri kimi göstərməsi təsadüfi deyil. Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlər son illərdə yalnız siyasi dialoq və iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu münasibətlərin mərkəzində getdikcə daha aydın şəkildə bir sual dayanır - Mərkəzi Asiyanın dünyaya çıxışı hansı yoldan keçəcək? Bu sualın cavabında Azərbaycanın coğrafiyası xüsusi əhəmiyyət qazanır. Çünki Xəzərin o tayında yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistan üçün Azərbaycan yalnız qonşu ölkə deyil. Azərbaycan Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən təbii körpüdür. Bu körpünün adı isə getdikcə daha çox Orta Dəhliz kimi səslənir.
Uzun illər Xəzər Azərbaycanla Mərkəzi Asiya arasında məsafə yaradan coğrafi sərhəd kimi qəbul edilirdi. İndi isə vəziyyət dəyişir. Xəzərin hər iki sahilində yaradılan limanlar, dəmir yolları və logistika infrastrukturu bu dənizi maneədən daha çox əlaqələndirici məkana çevirir.
Əliyevin “Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır” fikrinin əsas siyasi mənası da budur.
Azərbaycanın Bakı Limanı, Ələt qovşağı, dəmir yolu infrastrukturu və Avropaya çıxış imkanları Mərkəzi Asiya ölkələrinin öz nəqliyyat strategiyaları üçün yeni perspektiv yaradır. Qazaxıstanın Aktau və Kurık limanları ilə Azərbaycanın Ələt limanı arasında əlaqələr genişləndikcə Xəzərin iki sahili vahid logistika sisteminin hissəsinə çevrilir. Bu artıq sadəcə yükdaşıma məsələsi deyil.
Dünya ticarətində yolların siyasi əhəmiyyəti hər zaman böyük olub. İndi isə bu əhəmiyyət daha da artır. Çünki son illərin müharibələri və geosiyasi qarşıdurmaları göstərdi ki, ticarət marşrutunun təhlükəsizliyi ən azı onun sürəti və qiyməti qədər vacibdir. Şimal marşrutunun risklərinin artması, Yaxın Şərqdəki qeyri-sabitlik və qlobal ticarətdə alternativ yollar axtarışı Orta Dəhlizə marağı artırıb. Amma burada bir yanlış təsəvvürə yol vermək olmaz. Orta Dəhlizin əhəmiyyəti yalnız başqa marşrutların zəifləməsi ilə izah edilə bilməz. Bu dəhlizin özünün də rəqabətədavamlı olması lazımdır.
İlham Əliyevin “ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir” deməsi məhz buna işarə edir. Çünki yolun xəritədə mövcud olması kifayət etmir. Yük sahibi üçün əsas sual başqadır: bu yol nə qədər sürətlidir, nə qədər etibarlıdır və nə qədər ucuzdur?

Azərbaycanın nəqliyyat strategiyasının əsas üstünlüyü ondadır ki, ölkə yalnız tranzit ərazisi olmaq istəmir. Məqsəd nəqliyyat dəhlizinin əsas logistika mərkəzlərindən birinə çevrilməkdir. Bu fərq çox vacibdir.
Sadəcə tranzit ölkə olmaq o deməkdir ki, yük sənin ərazindən keçir. Logistika mərkəzi olmaq isə o deməkdir ki, yük burada çeşidlənir, saxlanılır, emal olunur, istiqamətləndirilir və müxtəlif nəqliyyat vasitələri arasında bölüşdürülür. Ələt ətrafında yaradılan infrastrukturun və Bakı limanının əhəmiyyəti də buradan başlayır. Azərbaycan üçün hər əlavə ton yük yalnız tranzit gəliri demək deyil. Bu, ölkənin regional iqtisadi çəkisinin artması deməkdir. Daha mühüm məqam isə siyasi çəkidir. Çünki böyük dövlətlər arasında rəqabətin artdığı bir dünyada geosiyasi əhəmiyyət yalnız hərbi güclə müəyyənləşmir. Bəzən ölkənin ərazisindən keçən yol onun diplomatik əhəmiyyətini də artırır.
Mərkəzi Asiya ölkələrinin Azərbaycanla münasibətlərə marağı da bununla izah olunur.
Qazaxıstan üçün Xəzər üzərindən Azərbaycan istiqaməti Avropaya alternativ çıxış yaradır. Özbəkistan üçün Azərbaycan və Türkiyə üzərindən Qərb bazarlarına çıxış imkanlarını genişləndirir. Türkmənistan üçün isə enerji və digər yüklərin Qərbə çıxarılması baxımından Xəzər üzərindən Azərbaycan marşrutu strateji əhəmiyyət daşıyır.
Bu ölkələrin hər biri fərqli iqtisadi və siyasi maraqlara malikdir. Lakin onları birləşdirən ümumi məsələ mövcuddur - dünya bazarlarına çıxış yollarını şaxələndirmək. Azərbaycan da məhz bu ehtiyacın kəsişmə nöqtəsində dayanır. Burada Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin yalnız nəqliyyat layihəsi olmadığını görmək mümkündür. Nəqliyyat iqtisadi əlaqələri dərinləşdirir, iqtisadi əlaqələr isə siyasi yaxınlaşmanı gücləndirir.
Dəhlizin növbəti halqası Türkiyədir. Mərkəzi Asiyadan Xəzəri keçərək Azərbaycana gələn yük burada dayanıb qalmır. Məntiq Türkiyə üzərindən Avropaya çıxışı nəzərdə tutur. Bu isə Azərbaycanı daha böyük geoiqtisadi xəritənin mərkəzinə gətirir: Mərkəzi Asiya - Xəzər -Azərbaycan - Türkiyə -Avropa. Bu xətt nə qədər işlək və rəqabətədavamlı olarsa, Azərbaycanın regional əhəmiyyəti də bir o qədər artacaq. Ancaq bunun üçün yalnız siyasi bəyanatlar kifayət deyil. Sərhəd prosedurları sadələşdirilməli, gömrük sistemləri uyğunlaşdırılmalı, rəqəmsal sənədləşmə genişləndirilməli, limanlarda yüklərin gözləmə müddəti azaldılmalı və dəmir yolu ilə dəniz nəqliyyatı arasında koordinasiya gücləndirilməlidir.
Başqa sözlə, Orta Dəhlizin gələcəyi böyük layihələrdən çox, bəzən kiçik görünən logistika detallarından asılı olacaq. Azərbaycan üçün burada mühüm bir imkan yaranır. Ölkə öz coğrafiyasını iqtisadi və siyasi üstünlüyə çevirə bilər. Amma tranzit mərkəzinə çevrilmək yalnız üstünlük deyil, məsuliyyətdir. Marşrutun təhlükəsizliyi, fasiləsizliyi və etibarlılığı Azərbaycanın üzərinə əlavə öhdəliklər qoyacaq.
Mərkəzi Asiya ölkələri alternativ yol axtararkən bir şeyi də nəzərə alacaqlar- Azərbaycan üzərindən keçən marşrut sabitdirmi? Bu suala cavab yalnız siyasi münasibətlərlə verilmir. Dəhlizin iqtisadi baxımdan sərfəli, texniki baxımdan işlək və uzunmüddətli baxımdan etibarlı olması lazımdır.
Prezidnet İlham Əliyevin “səmərəli və rəqabətədavamlı” ifadəsini xüsusi əhəmiyyətli edən də budur. Çünki geosiyasət yolu aça bilər, amma yolu yaşadan iqtisadi səmərəlilikdir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində baş verən dəyişiklik əslində daha böyük prosesin bir hissəsidir. Türk dünyasında iqtisadi və nəqliyyat əlaqələri güclənir, Xəzərin iki sahili arasında münasibətlər intensivləşir, Orta Dəhliz isə bu proseslərin əsas infrastrukturlarından birinə çevrilir.
Bu mənada Azərbaycanın qarşısında sadəcə tranzit ölkəyə çevrilmək vəzifəsi dayanmır. Məsələ daha böyükdür.
Xəzər getdikcə iki sahili ayıran dənizdən çox, onları birləşdirən körpüyə çevrilir. Azərbaycanın əsas vəzifəsi isə bu körpünün üzərindən keçən yolun təkcə xəritədə deyil, dünya ticarətində də əhəmiyyətli marşruta çevrilməsini təmin etməkdir. Çünki XXI əsrdə bəzən dövlətlərin geosiyasi çəkisini onların ərazisinin böyüklüyü yox, dünyanın hansı yollarının onların üzərindən keçməsi müəyyən edir.
Siyasət şöbəsi






