Məhərrəm Zülfüqarlı: “Doğru zamanda dayanıb Ağdamın, Kəlbəcərin, Laçının sülh yolu ilə azad edilməsinə nail olduq”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, hazırda müharibə aparan və ona necə son qoyacaqlarını bilməyən tərəflər Azərbaycan təcrübəsini öyrənməlidirlər:
“Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, həqiqətəndə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsi 21-ci əsr üçün başqa ölkələrə bu təcrübədən öyrənməyi tövsiyə edilməsinə əsas verir: “Nəyə görə? Birincisi, Azərbaycan bu müharibəyə başlamamışdan əvvəl uzun müddət hazırlaşmışdı. O cümlədən, biz adətən müdafiə olunurduq. Baxmayaraq ki, işğala məruz qalmışdıq. Yeni hücumlar, işğal hədələri ilə rastlaşırdıq və ermənilər qırmızı xətti keçəndən sonra biz 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azad edilməsinə qərar verdik. Yəni Azərbaycan erməni təxribatlarına cavab olaraq əks-hücuma keçdi. Ancaq bizim müharibəmiz ədalətli müharibə olsa da yenə də kənar qüvvələrin müdaxiləsi, kənar təsirlərin olması istisna deyildi. Xüsusən də Ermənistanın daxil olduğu KTMT. Birincisi, 27 sentyabr təsadüfü seçilməmişdi. Çünki ondan bir gün əvvəl KTMT-yə daxil olan ölkələr hərbi təlimlərdən evlərinə geri qayıdırdı. Bunlar evlərinə qayıtdığı müddətdə biz əks-hücuma keçdik. Bu, bir müsbət təcrübə. İkincisi, Azərbaycan Vətən müharibəsində dronlardan geniş müstəvidə istifadə etdi. O zaman bu, böyük yenilik idi. O vaxta qədər müharibələrdə Azərbaycan qədər dronlardan kütləvi istifadə edən olmamışdı. Yəni bu, müharibələr tarixində bir ilk idi. Bu təcrübə 21-ci əsrdə müharibə aparan ölkələr üçün bir nümunə və təcrübədir”.
Professor onu da qeyd etdi ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Xankəndinə girmədi: “Hesab edirəm ki, bunun özü də müsbət təcrübədir. O vaxt çoxları deyirdi ki, gərək ordumuz Xankəndini də azad edəydi. Bu da Azərbaycan təcrübəsidir ki, dünya ölkələri bunu öyrənməlidir. Deməyim odur ki, hər şeyi ölçüb-biçib müharibə aparırdıq. O zaman Xankəndiyə daxil olsaydıq, proseslər başqa istiqamətdə inkişaf edə bilərdi. Xüsusən Rusiyanın bu məsələdə tamamilə başqa mövqe tutmasına gətirib çıxara bilərdi. Ona görə də Prezident Əliyev çıxışlarında hər zaman deyirdi ki, nəyi nə zaman etməyi mən bilirəm. Bütün bu hesablamalar özünü doğrultdu. Bundan başqa, Ermənistan ərazisindən şəhərlərimiz raket atəşə tutuldu. Ancaq biz təxribata gedib əks-zərbəni Ermənistana yox, Qarabağdakı işğalçı qüvvələrə endirdik. Rusiyanın timsalında KTMT bəyan etdi ki, Azərbaycan öz ərazisində müharibə aparır. Bu da Ermənistanın təxribatlarını fiaskoya uğratdı. Ordumuzun ədalətli qələbəsi Azərbaycanın imicini dünyada daha da artırdı. Qalib xalq imici qazandırdı və bu da böyük nümunədir. Xüsusən işğala məruz qalan ölkələr üçün nümunədir. Gürcüstan, Moldova və Ukrayna üçün nümunədir. Prezident Əliyev Ukrayna jurnalistinə açıqlamasında dedi ki, heç vaxt işğalla barışmayın. İşğalla barışmamağın özü də Azərbaycan təcrübəsidir. Azərbaycan doğru zamanda dayanaraq Ağdamın, Kəlbəcərin, Laçının sülh yolu ilə azad edilməsinə nail oldu”.
Vidadi ORDAHALLI




