Siyasət · Bakı Xəbər

İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi... xəbəri üçün şəkil



Rəşad Bayramov: “Sanksiyalar bir çox hallarda konkret siyasi məqsədlərə uyğun hazırlanır və onların qəbulunda ikili standartlara yol verilir”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da aparacağıq:

“İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik”.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq siyasətdə dövlətlərin davranışına verilən reaksiyaların hansı meyarlar əsasında müəyyənləşdirilməsi məsələsinə diqqət çəkir: “Azərbaycanın uzun illər üzləşdiyi münaqişə təcrübəsi göstərir ki, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğu ilə onların praktikada həyata keçirilməsi arasında ciddi fərqlər yarana bilər. Dövlət başçısının Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə görə sanksiyalara məruz qalmamasını digər ölkələrə tətbiq edilən məhdudiyyətlərlə müqayisə etməsi də məhz bu fərqlərin siyasi və hüquqi mahiyyətini izah etmək məqsədi daşıyır. Məsələnin mahiyyəti yalnız sanksiyaların tətbiq edilməməsi ilə məhdudlaşmır. Burada əsas müzakirə predmeti beynəlxalq hüququn norma və prinsiplərinin nə dərəcədə ardıcıl həyata keçirilməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmlərinin effektivliyi və siyasi maraqların hüquqi öhdəliklərə təsiridir. Məlum olduğu kimi Prezidentin xatırlatdığı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi. Məhz həmin qətnamələrin uzun müddət icra edilməməsi Azərbaycanın beynəlxalq hüququn tətbiqində selektiv yanaşma ilə bağlı tənqidlərinin əsasını təşkil edir”.

R. Bayramov hesab edir ki, müasir beynəlxalq siyasətdə sanksiyalar dövlətlərin davranışına təsir göstərmək üçün istifadə edilən mühüm vasitələrdəndir: “Lakin onların tətbiqi avtomatik və universal xarakter daşımır. Bu səbəbdən hər hansı dövlətə qarşı sanksiyanın tətbiq edilməməsi oxşar hallara fərqli münasibətin səbəblərinin araşdırılmasını zəruri edir. Azərbaycanın mövqeyi baxımından əsas məsələ işğalın nəticələrinin, məcburi köçkünlük probleminin və mədəni-dini irsə vurulmuş zərərin beynəlxalq səviyyədə hansı mexanizmlərlə qiymətləndirilməsi və məsuliyyətin necə təmin olunmasıdır. Bu yanaşma beynəlxalq hüququn yalnız siyasi bəyanatlarda deyil, real qərar və tədbirlərdə də əks olunması tələbi ilə bağlıdır.

Prezidentin çıxışının digər mühüm istiqaməti beynəlxalq münasibətlərdə siyasi maraqların roludur. Sanksiyalar təkcə hüquqi pozuntulara reaksiya vasitəsi deyil, eyni zamanda dövlətlərin xarici siyasət prioritetləri, təhlükəsizlik hesablamaları və beynəlxalq koalisiyaların mövqeləri ilə bağlı qərarlardır. Avropa İttifaqının təcrübəsi də göstərir ki, sanksiyalar bir çox hallarda konkret siyasi məqsədlərə uyğun hazırlanır və onların qəbulunda ikili standartlara yol verilir.

Bu reallıq Azərbaycanın irəli sürdüyü sualın siyasi əhəmiyyətini artırır və beynəlxalq hüquq normalarının icrası ilə geosiyasi maraqlar arasında yarana bilən ziddiyyətlərin aradan qaldırılması zərurətini önə çıxarır. Əgər beynəlxalq təşkilatlar qərarların icrasını təmin etmək üçün yetərli vasitələrdən istifadə edə bilmirsə, bu, həmin qurumların nüfuzuna və münaqişələrin qarşısının alınması imkanlarına mənfi təsir göstərir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin uzun müddət icrasız qalması bu problemin konkret nümunələrindən biridir. İlham Əliyevin bəyanatı Azərbaycanın xarici siyasətində suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn ardıcıl tətbiqi məsələlərinin prioritet yer tutduğunu göstərir. Çıxışın əsas mesajı ondan ibarətdir ki, dövlətlərin beynəlxalq hüquq qarşısında məsuliyyəti siyasi münasibətlərdən asılı olaraq dəyişməməlidir. Bu prinsipin həyata keçirilməsi üçün beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsi, oxşar hallara vahid meyarlarla yanaşılması və məsuliyyət tədbirlərinin əsaslandırılmış şəkildə tətbiqi vacibdir. Azərbaycan-Ermənistan münasibətlərində davamlı sülhün qurulması da məhz bu kontekstdə əhəmiyyət daşıyır. Hüquqi prinsiplərə qarşılıqlı hörmət, dövlətlərin suverenliyinin tanınması və əldə olunan razılaşmaların yerinə yetirilməsi regional sabitliyin əsas şərtlərindəndir. Beləliklə, Prezidentin çıxışı yalnız keçmiş münaqişənin nəticələrinə siyasi qiymət vermək deyil, həm də gələcək beynəlxalq münasibətlər sisteminin daha ardıcıl, hesabatlı və hüquqa əsaslanan mexanizmlər üzərində qurulmasına çağırış kimi qiymətləndirilə bilər”.

Vidadi ORDAHALLI

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑