Əkbər Qoşalı: “Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri vuruşdular”
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların “Dəmir yumruq” kimi vuruşdular:
“Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən publisist Əkbər Qoşalının fikrincə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi bu fikirlər cəmiyyətimizin mənəvi-siyasi bütövlüyünü ifadə etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin yaşam gücünü də bir daha təsdiqləyir: “Azərbaycanın multikulturalizm modeli fərqli etnik və dini mənsubiyyətlərin dinc yanaşı yaşamasından üstün hadisədir; yəni ortaq Vətən duyğusunda birləşmə faktıdır. Bu, sadəcə tolerantlıqdan daha yüksək mərhələdir – mənəvi doğmalıq, vətəndaş həmrəyliyi və belə deyək, tale ortaqlığıdır. Bəli, 44 günlük müharibə bu dəyərlərin böyük sınağı oldu. Azərbaycan Ordusunun sıralarında müxtəlif etnik köklərə, dini mənsubiyyətlərə malik vətəndaşlarımız eyni bayraq altında, eyni amal uğrunda döyüşdü. Şəhidlərimizin məzarları da bizə bir həqiqəti söyləyir: Vətən uğrunda fədakarlığın etnik mənsubiyyəti olmur; onun adı dövlətcanlılıq, vətəncanlılıqdır, vətənkeşlikdir, onun mənəvi ünvanı Azərbaycandır! “Dəmir yumruq”un fəlsəfəsi də bax, buradadır. O, həm hərbi gücün təcəssümü, həm də çoxçalarlı cəmiyyətin vahid iradəyə çevrilməsinin parlaq rəmzidir. Fərqliliklərimiz bizi ayırmadı, əksinə, ortaq milli məqsəd çevrəsində daha da yaxınlaşdırdı”.
Ə. Qoşalı hesab edir ki, burada azərbaycançılığın vacib özəlliyi üzə çıxır: “O, etnik kimlikləri inkar etmir, onları ümumi vətəndaşlıq kimliyi ilə tamamlayır. İnsan öz dilini, inancını, mədəni yaddaşını qoruyaraq da bütöv Azərbaycanın taleyinə eyni məsuliyyətlə yiyə dura bilir. Prezidentin Mədəniyyətlərarası Dialoq Forumunda bu həqiqəti vurğulaması özəl anlam daşıyır. Azərbaycan multikulturalizmin yalnız nəzəri konsept, yaxud mədəni tanıtım olmadığını, ən ağır tarixi məqamlarda gerçək ictimai gücə çevrilə bildiyini dünyaya göstərir. Bəli, bu dünyanın ən ədalətli “Dəmir yumruğ”unun gücü yumruğu yaradan əllərin, ürəklərin və iradələrin birliyindəydi. Bu birlik Zəfərimizin mənəvi təməli olduğu kimi, gələcək dövlətçilik uğurlarımızın da ən güvənli dayaqlarındandır”.
Vidadi ORDAHALLI




