Bu gün ABŞ-də Konqresin gələcək tərkibini müəyyənləşdirəcək aralıq seçkilər keçiriləcək. İlkin nəticələrin isə noyabrın 4-də məlum olmağa başlaması gözlənilir.
ABŞ media qurumları seçkilərin nəticələrini səsvermə məntəqələri bağlandıqdan sonra yayımlamağa başlayacaqlar.
Səsvermənin nəticələri Konqresdə siyasi qüvvələr nisbətini müəyyən edəcək.
İlk seçki məntəqələri ABŞ-nin şərq sahili vaxtı ilə noyabrın 3-də saat 18:00-da bağlanacaq. Bu isə Bakı vaxtı ilə noyabrın 4-ü saat 03:00-a təsadüf edir.
Ştatlar arasında saat fərqləri olduğundan nəticələr mərhələli şəkildə açıqlanacaq. İlkin nəticələrin böyük hissəsinin noyabrın 4-də məlum olması gözlənilsə də, bəzi dairələrdə səslərin hesablanması bir neçə gün davam edə bilər.
Yekun rəsmi nəticələr isə ştatların seçki qanunvericiliyinə uyğun olaraq səslərin yoxlanılması və təsdiqlənməsindən sonra elan ediləcək. Bu proses bəzi ştatlarda bir neçə həftə çəkə bilər.
Qeyd edək ki, seçkilərin nəticələri ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin qalan iki ilində qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına təsir göstərəcək.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, ABŞ-də Nümayəndələr Palatasının 435 yeri uğrunda mübarizə gedir:
"Senatda isə 100 yerdən 35-i yenidən seçkiyə çıxarılıb. Artıq ABŞ-da 50 milyondan çox insan səs verib. Bu rəqəmə əvvəlcədən səsvermədə iştirak edən seçicilər də daxildir. Bu gün isə əsas həlledici səsvermə keçirilir. İlkin proqnozlara görə, Trampın partiyası, yəni Respublikaçılar Partiyası Nümayəndələr Palatasında səs çoxluğunu itirəcək və bu dəfə çoxluğu Demokratlar əldə edəcəklər. Senatda isə mübarizə daha gərgin olacaq. Təbii ki, Demokratlar burada da daha çox səs toplamağa çalışırlar və bunun üçün müəyyən əsaslar var. Çünki Tramp hakimiyyətə gəldikdən sonra seçicilərə verdiyi vədləri yerinə yetirə bilməyib, yanacağın qiyməti artıb, əhalinin sosial vəziyyəti çətinləşib. Bu baxımdan, ABŞ-ın İranla müharibəsi də mühüm amillərdən biridir. Müharibə zamanı ABŞ tərəfindən təxminən 50 milyard dollar vəsait xərclənib, itkilər olub. Bütün bunlar, təbii ki, seçicilər tərəfindən müsbət qarşılanmır”.
Müsahibimiz hesab edir ki, Senatda da Tramp məğlub olarsa, bu, onun prezidentliyinin qalan dövrünə ciddi təsir göstərəcək:
"Artıq Tramp özü də bu ehtimalı dərk edir və bildirir ki, belə olan halda, "veto prezidenti” olacaq, yəni onun irəli sürdüyü hər təşəbbüsə veto qoyulacaq. Bugünkü seçkilər çox gərgin keçəcək. Nümayəndələr Palatasında çoxluğu Demokratların qazanacağını düşünürəm. Senatda isə dəqiq proqnoz vermək çətindir. Ola bilsin ki, burada da Demokratlar qələbə qazansınlar, yaxud Respublikaçılar az fərqlə çoxluğu qoruyub saxlasınlar. Bu nəticə, təbii ki, Trampın prezidentliyinin qalan müddətinə çox ciddi təsir göstərəcək. Əgər hər iki palatada Demokratlar qələbə qazansalar, onlar Trampın hazırkı komandasına qarşı ciddi addımlar atacaq, müharibə nazirinin və digər yüksək vəzifəli şəxslərin istefasını tələb edəcəklər. Yəni qarşıda ABŞ-ı gərgin siyasi günlər gözləyir”.
Aynur Babazadə



