Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində müxalifətin həyata keçirməyə çalışdığı iddia olunan "gizli plan”ın Rusiyadakı müəyyən dairələr tərəfindən dəstəkləndiyini bildirib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı danışıb.
Baş nazirin sözlərinə görə, Ermənistan daxilində həmin planı həyata keçirmək üçün kifayət qədər resurs yoxdur və onun müəllifləri xaricdən dəstək almağa çalışırlar.
"Aydındır ki, bu plan Avrasiya İqtisadi İttifaqının və Rusiyanın müəyyən dairələrində dəstəklənir. Bunun səbəbləri də var. Çünki Ermənistana konkret vədlər və təminatlarla müəyyən şəxslər göndərilib”, – deyə Paşinyan bildirib.
O, müxalifətin fəaliyyətinin xarici qüvvələrin verdiyi təminatlarla əlaqəli olduğunu iddia edib.
"Tarix göstərir ki, xarici təminatçıların iştirak etdiyi proseslər fəlakətlə nəticələnib. Bu dəfə də onların himayəsi altında fəaliyyət göstərən müxalifəti siyasi fəlakət gözləyir”, – deyə Baş nazir vurğulayıb.
Paşinyan əlavə edib ki, müxalifət nümayəndələrinin bu aqibətdən yayınmaq üçün hələ vaxtı var.
Ermənistanın Baş naziri hesab edir ki, ölkənin gələcəyi ilə bağlı yeganə təminatçı xarici qüvvələr deyil, Ermənistan xalqı olmalıdır.



