SSRİ-nin son illərində onun bütün guşələrində, o cümlədən Azərbaycanın hansısa ucqar dağ kəndində belə, bəlkə də Prezident Mixail Qorbaçovu tanımayanlar var idi, amma Kaşpirovskini tanımayan ola bilməzdi…
“Can üstə” olan Sovet İttifaqının süqutu ərəfəsində “dövrün qəhrəmanı”na çevrilən Anatoli Kaşpirovski insanlara dövlətin verə bimədiklərini – sağlamlıq, rifah, ümid, uğur, qazanc və s. vəd edirdi və hətta bunları birbaşa televiziya ilə “göstərirdi”.
Bir neçə gün əvvəl, oktyabrın 3-də, 87 yaşında vəfat edən Kaşpirovski 1989-cu ildə "Psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları" televiziya proqramı sayəsində məşhurlaşmışdı. Efirdə o, bütün ölkəni su ilə “müalicə edirdi”, insanlara sağlamlıq, sərvət və rifah “aşılayır” və guya mədə-bağırsaq və ürək xəstəliklərini müalicə edirdi. Bu “möcüzə sahibi” hətta canlı efirdə ağır xəstrəliklərdən əziyyət çəkənləri “məsafədən sağaldırdı”. Sovet insanı isə bütün bunlara inanacaq qədər sadəlövh, bəzən isə savadsız idi…
Onun metodları elmi ictimaiyyətdə sərt tənqid edilirdi. Xaricdə isə bu mənzərəyə baxıb gülürdülər. Tibb mütəxəssisləri və elm adamları onun metodlarını sərt şəkildə tənqid edərək bunu “şarlatanlıq” və “axmaqlıq” adlandırırdılar. Lakin bu qınağa baxmayaraq, ona qarşı heç bir cinayət işi və ya saxtakarlıq ittihamı irəli sürülmədi. Çünki iddialara görə, onun arxasında Sovet rəhbərliyi – xüsusilə də o vaxtkı KQB, indiki FSB dururdu. Doğrudan da, ən yüksək səviyyədə razılıq və xeyir-dua verilməsəydi, yüz milyonlarla insanı “barmağına dolayan” və etdiklərinin heç bir elmi sübutu, əsası olmayan birisini efirə buraxmazdılar. Əksinə, vəziyyətdən xəbəri olanlar onun kütləvi hipnoz seanslarının hakimiyyət orqanları tərəfindən sanksiyalaşdırıldığını və əhalinin şüurunu idarə etmək üçün kəşfiyyat xidmətləri tərəfindən gizli bir təcrübə olduğunu irəli sürürdülər.
Onun hakimiyyətlə, xüsusi xidmət orqanları ilə əlaqələri sonrakı illərdə daha aydın görünməyə başladı. 1995-ci ilin iyun ayında Budyonovskda baş verən terror aktı zamanı Anatoli Kaşpirovskini Şamil Basayevlə şəxsən görüşmək üçün onun yanına göndərmişdilər. Kaşpirovski guya girovları azad etmək üçün deputatlarla birlikdə ələ keçirilmiş xəstəxanaya gəlmişdi. O, hətta Şamil Basayevi hipnoz etməyə çalışmış, lakin bu, uğursuz alınmışdı. FSB direktoru Sergey Stepaşinin zəngindən sonra Kaşpirovski hücumdan qısa müddət əvvəl binanı tərk etmişdi.
Basayev sonradan Kaşpirovskinin hipnoz cəhdlərini açıq şəkildə lağa qoyaraq demişdi: "Yəqin ki, FSB agentləri onu məni hipnoz etməyə göndərmişdilər. Amma bu, işə yaramadı".
Kaşpirovskinin xüsusi xidmət orqanlarının “layihəsi” olduğu onun sonrakı “siyasi həyatı”nda da özünü göstərdi. O, 1993-cü ildə Vladimir Jirinovskinin LDPR partiyasından birinci çağırış Rusiya Federasiyası Dövlət Dumasına deputat seçildi və 2012-ci ildəki prezident seçkilərində Jirinovskinin səlahiyyətli nümayəndəsi oldu. Özü “tibbi şarlatan” olan Kaşpirovskinin Jirinovski kimi “siyasi şarlatan”ın partiyasına qoşulması əlbəttə ki, təsadüfi deyildi. Bu adamlar eyni yerdən “qidalanır” və himayə olunurdular, onların “siyasi taleyi” də həmin yerdən müəyyən edilirdi. Lakin zaman keçdikcə Kaşpirovskinin siyasi fəaliyyəti səngidi və o, Jirinovski ilə görüşlərə qatılmağı dayandırdı...
Buna baxmayaraq, son illərə qədər onun “seanslarına” inanıb, bu tədbirlərə qatılanlar var idi. Misal üçün, bir neçə il əvvəl Kaşpirovski Moskvada keçirdiyi dörd günlük seanslarda 6 milyon rubldan çox pul qazanmışdı. O, həmçinin seansların disklərini, “sehrli duzu”, aforizm kitablarını və öz fotoşəkillərini satmaqla da pul qazanırdı...
Nəhayət, Anatoli Kaşpirovski 3 oktyabrda Moskva klinikalarının birində vəfat etdi. Bu xəbər dərhal xəbər lentlərində yayıldı. Onun ömrünün son ayları çətin keçmişdi. Kaşpirovski ölümündən bir az əvvəl təcili əməliyyat olunub və həkimlər onda bədxassəli şiş aşkarlayıblar. Lakin son məlumatlara görə, ölümün səbəbi ürək çatışmazlığı olub.
Anatoli Kaşpirovskinin ABŞ-də yaşayan yeganə oğlu Sergey, atasının dəfn mərasimində iştirak etməkdən imtina edib. Onun qızı Yelena isə 2018-ci ildə Kanadada intihar edib...
Qeyd edək ki, Kaşpirovski ilə vida mərasimi bu gün Moskvadakı Troekurovski qəbiristanlığındakı zalda keçiriləcək. Lakin onun dəfn ediləcəyi yer gizli saxlanılır. Bu, Kaşpirovskinin öz istəyi olub.
Troekurovski qəbiristanlığında mediaya deyiblər ki, Kaşpirovskini orada dəfn etməyəcəklər: "Vida mərasimindən sonra onu aparacaqlar. Hara aparılacağını dəqiq bilmirik. Başqa şəhərə deyirlər...".
Qeyri-rəsmi məlumatlara görə, onun cəsədi Ukraynaya aparılacaq. Bu versiya təsadüf deyil. O, Ukraynada anadan olub, Vinnitsada tibb məktəbində oxuyub və daha sonra orada yaşayıb və işləyib. Kaşpirovski Kanadada intihar edən qızının külünü də Vinnitsada dəfn edib. Lakin hazırkı məlum siyasi vəziyyətdə Rusiyadan Ukraynaya meyitin daşınması olduqca çətin görünür...
Dövlət Dumasının qalmaqallı deputatı Vitali Milonov Kaşpirovski ilə bağlı deyib ki, onun ölümü ilə “ekstrasenslərin və şarlatanların populyarlıq dövrünə son qoymalıdır, Kaşpirovski dövlətin insanlara real kömək göstərmək əvəzinə, ekstrasensləri soxuşdurmağın simvolu idi." Necə deyərlər, “dəlidən doğru xəbər”...
Beləliklə, həyatı və fəaliyyəti kimi, dəfn yeri də gizlinlərlə əhatə olunan Kaşpirovski yola salınır. Onun “şarlatan”, yoxsa “savab əməllər sahibi” olduğunu isə “getdiyi yerdə” yəqin ki, asanlıqla müəyyən edəcəklər...
Cəlal Məmmədli
“AzPolitika.info”



