Azərbaycanlı iş adamları Qod Nisanov və İlham Rəhimov Rusiyada fəaliyyət göstərən iri Qərb şirkətlərinin aktivlərinin mümkün alıcıları arasında göstərilir.
Modern.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti “Auchan”, “Nestlé”, “FM Logistic”, keçmiş “Leroy Merlin” - indiki “Lemana PRO”, eləcə də “Metro”nun Rusiya biznesinin gələcəyi barədə material dərc edib.
Nəşr Nisanov və Rəhimovla yanaşı, digər nüfuzlu şəxslərin də adlarını mümkün alıcılar sırasında çəkir. Bununla belə, azərbaycanlı iş adamlarının hansı aktivləri ala biləcəyi və danışıqların hansı mərhələdə olduğu açıqlanmır.
Qərb şirkətlərinin Rusiya biznesi ilə bağlı müzakirələr sentyabrda qəbul edilmiş qərarlardan sonra gündəmə gəlib. Vladimir Putinin sentyabrın 17-də imzaladığı fərmanla “Auchan”, “Nestlé”, “Lemana PRO” və “FM Logistic”lə əlaqəli müəssisələr “L.E.V. Management” şirkətinin müvəqqəti idarəçiliyinə verilib.
RBC-nin məlumatına görə, “L.E.V. Management” 2024-cü ildə yaradılıb. Nizamnamə kapitalı cəmi 15 min rubl olan şirkətin baş direktoru Andrey Krayuşkin bu vəzifəyə fərmandan bir həftə əvvəl — sentyabrın 10-da təyin edilib.
“Metro”nun Rusiya aktivləri isə sentyabrın 28-də ayrıca qərarla müvəqqəti idarəetməyə keçirilib. Bu biznesin idarəçisi “UK Torq Rus” şirkəti olub.
Müvəqqəti idarəetmə şirkətlərin artıq satılması demək deyil. Reuters bildirir ki, bu mexanizmdə mülkiyyət hüququ formal olaraq dəyişməsə də, aktivlərə nəzarət təyin edilmiş idarəçiyə keçir. Sonrakı mərhələdə biznesin satılması ehtimalı yaranır.
Qərarların əhatə etdiyi şirkətlər Rusiya bazarında geniş fəaliyyətə malikdir. “Nestlé”nin ölkədə altı fabriki və təxminən 7 min əməkdaşı var. “Lemana PRO” 112 mağazadan ibarət şəbəkə ilə işləyir. “Auchan” və “Lemana PRO” idarəçiliklə bağlı qərarlardan sonra fəaliyyətlərini adi rejimdə davam etdirdiklərini bildiriblər.





