Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu məsələsində sərt mövqe nümayiş etdirərək yenidən parlamentdəki müxalifəti hədəfə alıb. O, müxalifətin sənədə qarşı çıxacağı təqdirdə xalqın təzyiqi ilə üzləşəcəyini açıq şəkildə bildirib.
Gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı çıxış edən Paşinyan hökumətinin qarşısında duran əsas vəzifənin Azərbaycanla sülh sazişinin imzalanması olduğunu bir daha xatırladıb. Baş nazir hesab edir ki, iqtidar cəmiyyəti maraqlandıran suallara aydın cavablar versə, Ermənistan vətəndaşlarının əksəriyyəti yeni Konstitusiyanın lehinə səs verəcək.
Paşinyanın sözlərinə görə, hökumət bütün sualları cavablandırdığı halda parlamentdəki müxalifət yenə də yeni Konstitusiyanın qəbuluna mane olmağa çalışarsa, bu, birbaşa onların Azərbaycanla sülhə qarşı çıxması kimi qiymətləndiriləcək. Lakin problem ondadır ki, hakim “Mülki Müqavilə” partiyasının yeni Konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlamentdə kifayət qədər səsi yoxdur. Sənədin qəbul edilməsi üçün əlavə 6 səs lazımdır və iqtidar müxalifətin dəstəyi olmadan bunu təmin edə bilmir.
Xatırladaq ki, Azərbaycan ötən ilin avqustundan etibarən Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən İstiqlal Bəyannaməsinə istinadların ləğv edilməsini tələb edir. Yeni hazırlanan layihənin məzmunu hələlik tam açıqlanmasa da, məlum olan əsas məqam həmin bəyannaməyə istinadların yeni sənədə daxil edilməyəcəyidir. Hakimiyyət nümayəndələri bu məsələdə üçüncü tərəflərin iştirakına ehtiyac olmadığını, müvafiq təminatların birbaşa Bakı ilə İrəvan arasında ikitərəfli danışıqlar əsasında əldə olunacağını bildirirlər.
Erməni müxalifəti isə Paşinyanın bu addımlarını və cəmiyyət vasitəsilə təzyiq göstərmək cəhdlərini qətiyyətlə rədd edir. “Ermənistan” fraksiyasının deputatı Geğam Manukyan baş nazirin bəyanatını “dövlət çevrilişi cəhdi” adlandırıb: “Qanunvericiliyə görə, deputatlar üzərində xalq təzyiqi yaradaraq səs toplamaq qeyri-qanunidir. Milli məsələlər üzərindən bu cür alver etmək olmaz”.
“Güclü Ermənistan” fraksiyası da hakimiyyətin hədəflərinə boyun əyməyəcəyini bəyan edib. Deputat Tiqran Abramyan bildirib ki, Paşinyan xalqa verdiyi sülh vədini yerinə yetirməli və dərhal imzalanmış sənədi ortaya qoymalıdır. Əks halda, onların mövqeyi dəyişməz olaraq qalacaq.
“AzPolitika.info”


