Bakı, 28 oktyabr,
Baş məşqçi Filipe Kandidu ilə yollarımızı ayırmaq barədə heç vaxt düşünməmişik. O, komandaya cəmi 3-4 ay əvvəl gəlib və təbii ki, yeni məşqçiyə vaxt lazımdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev deyib.
O, “gənclik şəhəri” təmsilçisinin mövsümün əvvəlindəki uğursuzluğunun səbəblərini açıqlayıb: “Nəticələrin istədiyimiz kimi olmamasının bir neçə səbəbi var idi. İlk növbədə, zədəli futbolçuların sayı çox idi. Əsas heyətin 7-8 üzvü zədə səbəbindən ilk üç oyunda iştirak edə bilmədi. Digər səbəb isə yeni futbolçuların komandaya gec qoşulması idi. Buna görə ilk beş turda istədiyimiz nəticələri əldə edə bilmədik. Bununla belə, oyundan-oyuna komandada inkişafı görürdük. Futbolçularımız daha yaxşı oyun sərgiləyirdilər. Hətta Premyer Liqada son matçda da rəqibimiz “Zirə”dən üstün oynadığımızı düşünürəm, amma təəssüf ki, 2:3 hesabı ilə məğlub olduq. Əsas məsələ komandanın oyun səviyyəsinin getdikcə yüksəlməsidir. Əminəm ki, zaman keçdikcə daha güclü “Sumqayıt” görəcəyik”.
Klub rəhbəri ölkə kubokunda komandanı çox çətin rəqiblərin gözlədiyini bildirib: “Finala gedən yolda “Qarabağ” və “Sabah” kimi komandalarla qarşılaşmaq ehtimalımız var. Buna baxmayaraq, maksimum gücümüzlə mübarizə aparacaq və mümkün qədər irəli getməyə çalışacağıq. Çempionatda da məqsədimiz turnir cədvəlində mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq və şəhərimizə layiq komanda olmaqdır”.
Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalından da danışan Riad Rəfiyev turnirin təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib: “Azərbaycan dövlətinə, ölkə rəhbərliyinə və futbol federasiyamızın rəhbərliyinə belə gözəl turnirin təşkilinə verdikləri töhfəyə görə minnətdaram. Bu, doğrudan da əsl festival, futbol bayramıdır. Əminəm ki, bu turnirin bəhrəsini gələcəkdə görəcəyik”.
Qeyd edək ki, “Sumqayıt” hazırda Premyer Liqanın turnir cədvəlində 8 xalla 9-cu sıradadır.
Fotoqraf – Orxan Kərimov



