Bakı, 12 oktyabr,
Sabah hər iki tərəf qələbə qazanmaq istəyəcək. “Slaviya Praqa” da meydana bu məqsədlə çıxacaq. Qarşılaşmanın 90 dəqiqəsi ərzində müxtəlif hadisələr baş verə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda Çexiyanın “Slaviya Praqa” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis qələbə gözləntilərinin komanda üçün təzyiq yaratmadığını bildirib: “Baş məşqçi kimi mənim əsas vəzifəm oyuna və meydanda baş verənlərə diqqət yetirməkdir. Çünki yaxşı oynadıqda üç xal qazanmaq şansımız da artır. Buna görə də ilk növbədə oyun planını və tapşırıqları mümkün qədər dəqiq yerinə yetirməliyik. Qələbə qazanmağa layiq olduğumuzu meydanda göstərməliyik”.
O, rəqibin oyun üslubu barədə danışıb: “Slaviya Praqa” çox yaxşı oyun üslubuna malik komandadır və oynamağa çalışdıqları futbolu yüksək səviyyədə nümayiş etdirirlər. Fiziki cəhətdən son dərəcə güclü komandadır. Söhbət sadəcə fiziki futbol oynaya bilmələrindən getmir. Onlar bunu daim edirlər, yorulmurlar, bütün meydanboyu pressinq tətbiq edir, rəqib futbolçuları fərdi qaydada nəzarətdə saxlayırlar. Bu oyun üslubu həqiqətən fərqlidir. Düşünürəm ki, komanda və baş məşqçi uzun müddətdir birlikdə çalışırlar, futbolçular da məhz bu oyun üslubuna uyğun seçiliblər. Onlar bu üslubda oynamağı çox yaxşı bacarırlar. Topu ələ keçirdikdən sonra uzun müddət ona nəzarət etməyə, iki, üç, dörd və ya beş ötürmə etməyə çalışmırlar. Hətta Çexiya çempionatında yeddi və daha çox ötürmə ilə nəticələnən hücumların sayına görə sonuncu yerdədirlər. Bu isə o deməkdir ki, bir və ya iki ötürmədən sonra top dərhal irəliyə göndərilir və futbolçular hücuma keçməyə hazır olurlar. Buna görə də oyun ərzində çox diqqətli olmalı, diqqətimizi heç bir halda itirməməliyik. Çünki bu səviyyədə belə komandalar rəqibi cəzalandırmaq üçün fürsət axtarırlar. Bununla belə, bizim də güclü tərəflərimiz var. “Slaviya Praqa”nın oyununda zəif cəhətləri tapmalıyıq. Bundan əlavə, psixoloji hazırlıq, diqqəti cəmləmək, 90 dəqiqə ərzində diqqəti qorumaq, meydandakı rolumuzu dəqiq bilmək və fərdi mübarizələrdə qalib gəlmək vacibdir”.
Baş məşqçi komandasının ev oyunlarını keçirəcəyi stadionun ot örtüyünün vəziyyəti ilə bağlı suala da cavab verib. O bildirib ki, komanda stadionda cəmi bir dəfə məşq etsə də, meydançanın vəziyyətindən razıdır: “Düzdür, burada bir dəfə məşq etmişik, amma məşq zamanı stadionun meydançası çox yaxşı vəziyyətdə idi. Hər şey qaydasındadır”.
Valdas Dambrauskas Çempionlar Liqasının liqa mərhələsində qarşılaşdıqları rəqiblərin səviyyəsinə və bu oyunların komandanın mümkün inkişafına da toxunub: “Biz Çempionlar Liqasındayıq və burada qarşılaşacağımız bütün komandalar yüksək keyfiyyətə malikdirlər. Asan rəqib yoxdur. İndi diqqətimizi bu oyuna yönəltmişik. “Slaviya Praqa”nın öz oyun üslubu var, “Borussiya Dortmund” fərqli üslubda oynayacaq, bəlkə də “Vilyarreal”ın yanaşması başqa olacaq. Bizim vəzifəmiz hər oyuna hazırlaşmaqdır. Futbolun dünyanın ən yaxşı idman növü olmasının səbəblərindən biri də budur. Futbol matçında qalib gəlməyin çoxlu yolları var və heç bir komanda digərinə bənzəmir”.
Baş məşqçi “Slaviya Praqa”nın uzun müddətdir Çempionlar Liqasında səfər qələbəsi qazana bilmədiyini və Bakıda bu uğursuz seriyanı dayandırmaq istəyə biləcəklərini vurğulayıb: “Bunun fərqindəyik. Bildiyimə görə, “Slaviya Praqa” 2007-ci ildən bəri Çempionlar Liqasında səfər oyunlarında təxminən 20 matçdır qələbə qazana bilmir. Ancaq biz öz mövqeyimizi və harada olduğumuzu bilirik. Hədəf bütün diqqəti üzərimizə yönəldib. Çempionlar Liqasındakı bütün komandaları nəzərdən keçirsək və onlardan hansı rəqibə qarşı xal qazanmaq şanslarının daha yüksək olduğunu soruşsaq, əlbəttə, bizim adımızı çəkərlər. Çempionlar Liqasına vəsiqə qazanmaqla çox gözəl hekayə yazdıq, amma hələ sübut etməli olduğumuz çox şey var. Motivasiya məsələsinə gəlincə, düşünmürəm ki, bu amil “Slaviya Praqa”ya məğlub olmamaq və ya onu məğlub etmək üçün əlavə motivasiya yaradır. Bizim üçün ən böyük motivasiya bu səviyyədə meydana çıxmaq və futbol oynaya bildiyimizi göstərməkdir. Öz oyun kimliyimizi, yaxşı futbolçulara və yaxşı məşqçilər heyətinə malik olduğumuzu nümayiş etdirmək istəyirik. Artıq bir möcüzə yaratmışıq və bu arzu nə qədər davam edərsə, onu yaşamaq istəyirik”.
Valdas Dambrauskas Türkiyə və Azərbaycan futbolu arasındakı əlaqələrdən də bəhs edib: “Azərbaycan və Türkiyə xalqları, məncə, mümkün olduğu qədər bir-birinə yaxındır. Həqiqətən də çox yaxın xalqlardır. Mən azərbaycanlı deyiləm, amma Türkiyə futbolunun tarixini və onun tarixi klublarını hamımız bilirik. “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” və digər klubların, onların möhtəşəm futbolçularının adlarını və qazandıqları uğurları sadalaya bilərik. Türkiyə klubları uzun illərdir Çempionlar Liqasında və digər Avropa turnirlərində iştirak edirlər. Azərbaycan da bu istiqamətdə irəliləyir. Əgər Azərbaycan klubları ardıcıl iki il Çempionlar Liqasında iştirak edə bilirlərsə, düşünürəm ki, bu, ölkəmiz üçün pis nəticə deyil”.
Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.




