Siyasət · AZƏRTAC

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki nitqi əsasən ölkəmizin Mərkəzi Asiya regionu ilə əməkdaşlığın paradiqmaları üzərində qurulub.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla əlaqələri qarşılıqlı maraq dairəsində olan sahələri əhatə edir və qlobal nizamdakı transformasiyaya uyğun olaraq dərinləşir. Bu, əməkdaşlıq üçün mərkəzi prioritetləri formalaşdırır.

Ticarət dövriyyəsində artım

Münasibətlər üzrə dinamikanın konstruktiv xətt üzrə intensivliyi, ardıcıllığı və sistemliliyi regional arxitektura üçün yeni normaları gündəliyə gətirməklə onun icrasını aktuallaşdırır.

Bunu Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar və onun başqa regionlara təsirləri fonunda dəyərləndirmək olar.

Çünki Azərbaycan dövlətinin yürütdüyü strategiya əməkdaşlıq platformalarına müsbət yeniliklər gətirir. Bunun nümunələrini Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın azad ərazilərindəki infrastruktur və yenidənqurma işlərində iştirakında görmək mümkündür.

Prezident İlham Əliyev Avazadakı çıxışında qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinə diqqət çəkib. Bu dinamikalar iqtisadi-ticari göstəricilərdə özünü büruzə verir. Çıxışda səslənən rəqəmlər göstərir ki:

- Ötən il Azərbaycanla Mərkəzi Asiya arasında ticarət dövriyyəsində 50 faizdən çox artım qeydə alınıb;

- Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə fəaliyyət göstərən aktiv şirkətlərin sayı 400-ü ötüb;

- Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə təsis edilən və hər birinin nizamnamə kapitalı yüz milyonlarla dollar olan investisiya fondları iqtisadi diversifikasiyanın əsas hərəkətverici qüvvəsidir;

- Regional əməkdaşlığın effektivliyini artırmaq üçün birgə fondların potensialından daha fəal istifadə edilməli, qarşılıqlı ticarət həcmlərinin artırılması ilə yanaşı, birgə istehsal zəncirlərinin qurulması və üçüncü ölkələrin bazarlarına birgə çıxış strategiyalarının hazırlanması prioritetləşdirilməlidir.

Üç istiqamət bir portfeldə

Azərbaycanla Mərkəzi Asiya regionu arasındakı əlaqələrin daha geniş təsirini qiymətləndirmək üçün nəqliyyat, “Rəqəmsal İpək Yolu” və energetika sahələrinə baxmaq lazımdır.

Prezident İlham Əliyevin iclasda həmin istiqamətləri özündə birləşdirən məqamları vurğulaması gələcəyin geoiqtisadi təqdimatı kimi qeyd edilə bilər.

Birincisi, Xəzər dənizinin Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynaması qlobal təchizat zəncirlərində yaranan risklər fonunda diqqət çəkir. Münaqişələr, onun silahlı fazaları və regional eskalasiyaların dərinləşməsinə baxmayaraq, Xəzər dənizi daha sabit və təhlükəsiz alternativdir. Bu, Xəzər dənizini Çindən Avropaya uzanan ən qısa ticarət yolu kimi önə çıxarır. Digər yandan Orta Dəhlizin səmərəliliyi artır. Onun strateji əhəmiyyəti Zəngəzur koridoru ilə əlaqədar meydana çıxan geoiqtisadi şaxələnmələrin məzmununda daha aydın şəkildə görünür.

İkincisi, “Rəqəmsal İpək Yolu” layihəsinin və Xəzər dənizinin dibi ilə çəkilən fiberoptik xətlərin qarşılıqlı maraqlara transformasiya edilməsidir. Bu, Asiya ilə Avropa arasında böyük data axınının rəqəmsal qovşağa çevrilməsində Azərbaycanın rolunu gücləndirir. “Rəqəmsal İpək Yolu” Orta Dəhlizin komponenti olmaqla həmin marşrut üzrə tariflərin sinxronlaşdırılması və limanların ötürücülük qabiliyyətinin artırılmasına töhfəsini verir.

“Rəqəmsal İpək Yolu” prizmasında Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər diqqətəlayiqdir: Orta Dəhliz vasitəsilə daşınan tranzit yüklərin həcminin 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə daha 20 faizə yaxın artıb.

Üçüncüsü, energetika sahəsindəki əməkdaşlığın konturlarıdır. Prezident İlham Əliyev bunu enerji tranziti-yaşıl transformasiya tandemində prioritetləşdirir:

- Türkmənistan və Qazaxıstan nefti Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılır və onun həcmi artır;

- Yaşıl enerji dəhlizi yaradılması üçün Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə iş aparır. Bu addım perspektiv geoiqtisadi arxitekturanın bərpaolunan enerji mənbələrinə adaptasiyasını göstərir.

Bu, qlobal enerji təhlükəsizliyi fonunda Azərbaycanın yeni mandat əldə etməsi deməkdir.

Nəticə

Prezident İlham Əliyevin çıxışı Azərbaycanla Mərkəzi Asiya arasında daha sıx təşkil olunacaq plan kimi təhlil oluna bilər. Bu siyasi, iqtisadi-ticari münasibətlərlə məhdudlaşmayaraq geniş geostrateji müstəviyə nəqliyyat, enerji və ən müasir rəqəmsal texnologiya standartlarını daşıyır. Bütün bunların ümumi potensialını artırmaq məqsədilə əlavə səylərin göstəriləcəyi istisna deyil.

Müəllif – Aqşin Kərimov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑