Siyasət · Editor.az

Türkiyəyə hücum gözlənir? – Bakı Şuşa Bəyannəməsini işə sala bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyəyə hücum gözlənir? – Bakı Şuşa Bəyannəməsini işə sala bilər xəbəri üçün şəkil

Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarından sonra oktyabrın 5-də Ər-Riyadda Məkkə Birgə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclası keçirildi. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun da iştirak etdiyi iclasda Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükəsizlik riskləri müzakirə olunub. Məlumata görə, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistana avadanlıq və personal dəstəyi ilə bağlı gözləntilərini çatdırıb. İki ölkə bu tələbləri nəzərdən keçirəcək.

Qeyd edək ki, avqust ayında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənilir.

Bəzi ekspertlərin fikrincə, Türkiyə və Pakistanın prosesə qoşulması təkcə Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşmayacaq, husilərin Yəməndə məğlub olub sabitliyin təmin olunmasına qədər davam edəcək. Başqa sözlə, Suriyadakı ssenarinin Yəməndə də təkrarlana biləcəyi ehtimal olunur. Eyni zamanda, hədəf kimi böyük planda İranın olduğu istisna edilmir.

Regionda güman edilən bu eskalasiyanın Azərbaycana təsiri ola bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl Cingöz bildirib ki, Məkkə Birgə Müdafiə Sazişinin əsas məntiqi üç ölkənin təhlükəsizliyini kollektiv çəkindirmə yolu ilə gücləndirməkdir.

O qeyd edib ki, sazişi birbaşa İrana qarşı hərbi ittifaq və ya Türkiyə ilə Pakistanın Yəmən müharibəsinə faktiki olaraq girməsi kimi şərh etmək hələ tezdir:

“5 oktyabrda qəbul edilən qərarlar Səudiyyə Ərəbistanına razılaşdırılmış hərbi qüvvələrin və imkanların verilməsini nəzərdə tutsa da, bunların mahiyyəti, əhatə dairəsi və missiyası hələlik ictimaiyyətə ətraflı şəkildə açıqlanmayıb. Buna görə də, Türkiyənin töhfəsi mütləq şəkildə Yəməndə quru qoşunlarının yerləşdirilməsini nəzərdə tutmur. Bu, hava və raketdən müdafiə, kəşfiyyat mübadiləsi, logistika dəstəyi, hərbi təlim, texniki imkanlar, diplomatik və siyasi dəstək də daxil olmaqla bir çox istiqamətləri əhatə edə bilər. Bundan əlavə, hər bir ölkə öz qanunlarına və siyasi qərar qəbuletmə mexanizmlərinə uyğun addım atacaq.

İran, şübhəsiz ki, regional təhlükəsizlik balansında əsas aktorlardan biridir və onun adı husilər ətrafında aparılan müzakirələrdə ön plana çıxır. Lakin Məkkə Sazişini birbaşa “İranı hədəf alan cəbhə” kimi müəyyən etmək mövcud rəsmi çərçivədən kənara çıxan bir şərh olardı. Hesab edirəm ki, Türkiyənin əsas yanaşması Səudiyyə Ərəbistanının təhlükəsizliyinə töhfə verməklə yanaşı, regional münaqişənin eskalasiyasının qarşısını almaq və diplomatik kanalları açıq saxlamaq olacaq”.

İsmayıl Cingöz

Ekspertin fikrincə, Azərbaycanın nöqteyi-nəzərindən, bu mərhələdə İran ətrafındakı gərginliyin Cənubi Qafqaza, enerji boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə təsiri birbaşa hərbi nəticədən daha vacibdir:

“Bakının belə bir vəziyyətdə balanslı siyasət aparması gözlənilir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Türkiyə gözlənilmədən husilər tərəfindən hücuma məruz qalarsa, Şuşa Bəyannaməsinin aktivləşdirilə biləcəyi bir proses yarana bilər və bu kontekstdə Azərbaycan dolayı yolla Türkiyə vasitəsilə Məkkə Birgə Müdafiə Sazişinə qoşula bilər”.

İ.Cingöz, əlavə edib ki, Yəməndə “Suriya ssenarisinin təkrarlanması”nı irəli sürən dəyərləndirmələrə ehtiyatla yanaşmaq lazımdır.

O qeyd edib ki, Yəmənin sosial, tayfa, məzhəb və hərbi quruluşu Suriyanınkından olduqca fərqlidir və buna görə də, hadisələrin yeni genişmiqyaslı müharibənin başlanğıcı kimi deyil, əsasən çəkindirmə və regional təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması çərçivəsində şərh edilməsi daha doğru olardı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑