Bakı, 8 oktyabr,
Oktyabrın 7-də keçirilən plenar sessiyada itkin düşmüş şəxslər məsələsinin humanitar və hüquqi aspektləri, dövlətlərin məsuliyyəti və beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub. Müxtəlif ölkələrin təqdim etdiyi yanaşmalar bir daha bu problemin miqyasını və birgə fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirib. Həmin gün proqramımızı iki ayrıca yan tədbir tamamlayıb. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın təşkil etdiyi tədbirdə itkin şəxslərin genişmiqyaslı araşdırılması və identifikasiyası sahəsində üç onillik beynəlxalq təcrübəyə nəzər salınıb. Digər tədbirdə isə beynəlxalq ekspertlər məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsasında identifikasiyanın imkanlarını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov sözügedən qurumun təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
Bu gün keçirilən üç panel sessiyada həmin müzakirələrin davam etdirildiyini bildirən Qəzənfər Əhmədov deyib: "Birinci paneldə itkin düşmüş şəxslər məsələsinin sülh proseslərində yeri, humanitar əməkdaşlıq və etimadın yaradılması məsələləri araşdırılıb. İkinci paneldə dəfn yerlərinin müəyyənləşdirilməsindən identifikasiyaya qədər bütün proses üzrə milli yanaşmalar və elmi həllər nəzərdən keçirilib. Üçüncü paneldə isə itkin düşmə hallarının ailələr və icmalar üçün uzunmüddətli təsirləri müzakirə olunub. Həmin müzakirələr gələcək fəaliyyətimiz üçün bir-biri ilə əlaqəli prioritetləri önə çıxarıb: Ailələrin yaxınlarının taleyini bilmək hüququnun təmin edilməsi, etibarlı məlumatların paylaşılması, elmi imkanların gücləndirilməsi və humanitar əməkdaşlığın davamlılığının təmin olunması. Konfransımızın əsas mövzusu olan etimad bu sahələrdə konkret addımlar vasitəsilə formalaşır. Dəqiq məlumat axtarışların aparılmasına yol açır. Əlaqələndirilmiş fəaliyyət identifikasiya prosesini sürətləndirir. Hər bir taleyin aydınlaşdırılması ailənin illərlə davam edən qeyri-müəyyənliyinə son qoymağa kömək edir. Yekun bəyanatda dövlətlər şəxslərin itkin düşməsinin qarşısını almağa, itkin düşmüş şəxslərin axtarılması və taleyinin aydınlaşdırılması üçün tədbirlər görməyə, habelə ailələri müvafiq məlumatlarla təmin etməyə çağırılır. İşimizin bütün mərhələlərində ailələrin ehtiyaclarına diqqət yetirilməli və onlarla müntəzəm əlaqə saxlanılmalıdır. Üçüncü paneldə araşdırılan uzunmüddətli təsirlər də ailələrə davamlı dəstəyin vacibliyini göstərib".
Dövlət Komissiyasının katibi bildirib ki, bəyanat layihəsində itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi və identifikasiyası ilə bağlı bütün mövcud məlumatların, o cümlədən fərdi və kütləvi dəfn yerləri ilə bağlı məlumatların paylaşılmasına xüsusi əhəmiyyət verilir. İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi əsaslara uyğun şəkildə çıxarılması, sənədləşdirilməsi, identifikasiyası və ailələrə qaytarılması, habelə məlumat və sübutların qorunması bu işin etibarlılığı üçün mühüm əhəmiyyət daşıyır: "Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün bütün mümkün tədbirlərin görülməsi və ailələrin mövcud məlumatlarla təmin edilməsi beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərdir. Azərbaycan üçün Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn yerləri barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sahədə praktiki əməkdaşlıq ailələrin iztirablarını azaltmağa və davamlı sülh üçün zəruri olan etimadın möhkəmlənməsinə kömək edə bilər. Elmi və texniki əməkdaşlıq da davam etdirilməlidir. Təcrübə mübadiləsi, birgə tədqiqatlar, məhkəmə-tibbi ekspertiza, genetika və müasir axtarış texnologiyaları üzrə mütəxəssislərin hazırlanması əldə etdiyimiz bilikləri praktiki nəticələrə çevirməyə imkan verəcək. Dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlər arasında davamlı əlaqələrin olması bu əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bəyanat, həmçinin beynəlxalq təşkilatları, xüsusilə Birləşmiş Millətlər Təşkilatını silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər məsələsi ilə xüsusi məşğul olacaq bir mexanizmin yaradılmasına yardım etməyə çağırır. Biz bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq etməyə dair ifadə olunan hazırlığı gələcək beynəlxalq müzakirələr üçün mühüm addım hesab edirik”.
Qəzənfər Əhmədov vurğulayıb ki, Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir. Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə sistemli fəaliyyətini davam etdirir. Ölkəmiz bu sahədə öz təcrübəsini bölüşməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır.
Dövlət Komissiyasının katibi bildirib ki, proqram oktyabrın 9-da və 10-da Qarabağa səfərlə davam edəcək. Konfransın bu mühüm hissəsi münaqişənin humanitar nəticələrini, axtarışların aparıldığı şəraiti, minaların və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama Xocalı Soyqırımı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə tanışlıq daxildir. “Bəyanatda minaların və digər partlayıcı sursatların axtarış və çıxarış işlərinə mane ola biləcəyi ilə bağlı ifadə olunan narahatlıq gündəlik fəaliyyətimizdə qarşılaşdığımız real problemdir. Ümid edirəm ki, bu səfər yerdəki maneə və ehtiyaclar barədə anlayışımızı daha da dərinləşdirəcək və əməkdaşlıq üçün yeni imkanları müəyyənləşdirməyə kömək edəcək. Ümid edirəm ki, yekun bəyanatın qəbul edilməsi birgə humanitar səylərimizə yeni təkan verəcək. Hər birinizi Bakı Dialoqu çərçivəsində yaradılmış əlaqələri qorumağa və burada səsləndirilən ideyaları ailələr üçün birgə fəaliyyətə və konkret nəticələrə çevirməyə dəvət edirəm. İnanıram ki, birgə səylərimiz nəticəsində daha çox ailə yaxınlarının taleyi ilə bağlı etibarlı cavablar alacaq", - deyə Qəzənfər Əhmədov qeyd edib.
Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy Fotoqraf - Tofiq Babayev



