Siyasət · Bakı Xəbər

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi... xəbəri üçün şəkil



Akif Nağı: “Bu faktlar qarşısında Ermənistan öz günahlarını etiraf etməli, eyni zamanda beynəlxalq da onun üzərinə hərəkətə keçməlidirlər”

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib ki, azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb: “2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib.

İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir…”

Xarici diplomatik korpusların buna mövqeyi necə olmalıdır? Bununla bağlı indiyə qədər konkret mövqe niyə qoyulmur?

Azərbaycanda akkreditə olunmuş xarici səfirlər, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Qarabağa və Şərqi Zəngəzura səfərlər etməkdədirlər.

Bu səfərlər zamanı xarici diplomatlara işğal dövrünün ağır nəticələri, dağıdılmış infrastrukturlar, eləcə də kütləvi məzarlıqlar və mina problemi barədə ətraflı məlumat verilir.

Diplomatik korpus nümayəndələri bölgədə aparılan genişmiqyaslı bərpa işlərinin şahidi olmaqla yanaşı, itkin düşmüş şəxslər və humanitar problemlərlə bağlı Azərbaycanın həqiqətlərini və çağırışlarını birbaşa izləyirlər.

Onu da deyək ki, diplomatik korpus nümayəndələri, xarici ölkələrin sabiq hökumət başçıları və beynəlxalq ekspertlər Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət ediblər. Onlara vaxtilə burada qanunsuz saxlanılan azərbaycanlıların məruz qaldığı işgəncələr və qeyri-insani rəftar barədə əyani sübutlar təqdim olunub.

2024-cü ilin fevral ayında Əsgəran qalasının yaxınlığında və Xocalı şəhərinin mərkəzində aşkarlanan kütləvi məzarlıqlara yerli və xarici media mənsubları, həmçinin beynəlxalq qurumların nümayəndələri tərəfindən baxış keçirilib. Qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu müəyyən edilib.

Edilli kəndində tapılan və əlləri, ayaqları bağlanaraq qətlə yetirilmiş azərbaycanlı hərbçilərə aid kütləvi məzarlıqlar xarici diplomatik nümayəndəliklərin və beynəlxalq mətbuatın (məsələn, Foreign Policy) diqqət mərkəzində olub.

2025-ci ilin oktyabrında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan və mülki şəxslərə aid olan növbəti kütləvi məzarlıq da bölgəyə səfər edən xarici heyətlərə təqdim olunan əsas faktlar sırasındadır.

Azərbaycan tərəfi bu kütləvi məzarlıqları beynəlxalq humanitar hüququn (xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının) kobud şəkildə pozulmasının birbaşa sübutu kimi xarici diplomatik korpusa nümayiş etdirir və Ermənistanın hələ də digər itkin düşmüş şəxslərin dəfn yerləri barədə xəritələri verməkdən imtina etdiyini bildirir.

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, azad ərazilərdə 253 şəxsə aid olduğu ehtimal edilən 32 kütləvi məzarlığın aşkarlanması faktına beynəlxalq ictimaiyyətin, ölkəmizdəki xarici diplomatik korpusların ciddi şəkildə reaksiya verməsi çox vacibdir. A.Nağı təəssüflə qeyd etdi ki, bu məsələyə ikili standartlar mövqeyindən yanaşılır və Azərbaycanın gerçəklikləri ilə barışmaq istəmirlər. “Ermənistanın yalanlarına inanırlar, onları müdafiə edir sənədlər qəbul edirlər. Azərbaycan faktları ortaya qoyur. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri açıq şəkildə faktları ortaya qoyur. Yəni 4 mindən artıq vətəndaşımızın taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onların içərisində qadınlar, uşaqlar da var ki, sayları göstərilir, bunların taleyi ilə bağlı Azərbaycana məlumat verilməlidir. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalar, normalar var ki, Ermənistan onlara uyğun hərəkətlər etməli, məlumatlar verməli idi. Azərbaycanın müraciətlərinə, çağrışlarına cavab vermirlər. Bu çağrışlar özünü “demokratik” adlandıran Ermənistan hökumətinin xoşuna gəlmir.

DTX rəhbəri indiyə qədər aşkarlanan kütləvi məzarlıqların sayını dəqiq göstərir ki, azad ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib. Bu dünyada ən ağır cinayət hesab edilir. İnsanları kütləvi şəkildə qətlə yetiriblər və onları basdırırlar. Bu faktlar qarşısında Ermənistan öz günahlarını etiraf etməli, eyni zamanda beynəlxalq da onun üzərinə hərəkətə keçməlidirlər”.

A.Nağı qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpus nümayəndələri azad rayonlara səfər ediblər və bütün faktlarla yaxından tanış olmaq imkanı qazanıblar.

A.Nağı hesab edir ki, kütləvi məzarlıqlarla bağlı məsələyə nə ölkədəki diplomatik korpuslar, nə də beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır. “Azərbaycan ortaya faktı qoyub və indiyə qədər aşkarlanan kütləvi məzarlıqların sayını açıqlayıb. Amma çox təəssüf ki, diplomatik korpus nümayəndələrinin mövqeyi qənaətbəxş deyil. Bizim mövqeyimizi qəbul etmək istəmirlər. Amma etməlidirlər, biz faktdan danışırıq. Diplomatik korpuslar və beynəlxalq ictimaiyyət bu fakta laqeyd qalmamalıdır, Ermənistana qarşı çağrış etməlidir”-deyə A. Nağı qeyd etdi.

İradə SARIYEVA

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑