Bakı, 16 oktyabr,
Nostalji hər bir insanın həyatında müəyyən əhəmiyyət daşıyan, bəlkə də, ən universal duyğulardan biridir. Çünki həyatının hansısa dövründə müəyyən hadisə, məkan, insan və ya əşya ilə bağlı nostalji hissi yaşamayan insan tapmaq çətindir. Sadəcə, hər kəs bu duyğunu özünəməxsus şəkildə yaşayır və mənalandırır.
Bunu AZƏRTAC-a açıqlamasında YARAT Müasir İncəsənət Məkanının kiçik kuratoru Mina Abbasova söyləyib.
O qeyd edib ki, nostalji mövzusunu araşdırarkən olduqca maraqlı tarixi faktlarla qarşılaşıb. “XVII əsrdə nostalji bir xəstəlik kimi qəbul edilirdi. Hətta Fransa inqilabı dövründə bu hissin müəyyən hallarda cəzalandırılması ilə bağlı yanaşmalar mövcud idi. Lakin zaman keçdikcə nostalji anlayışı həm mahiyyət, həm də insanların həyatında oynadığı rol baxımından ciddi dəyişikliklərə məruz qalıb”, – deyə kurator bildirib.
M.Abbasovanın sözlərinə görə, müasir dövrdə nostalji insanların emosional və psixoloji həyatının ayrılmaz hissəsinə çevrilib. Son illərdə isə bu mövzu müəyyən mənada populyarlıq qazanaraq sosial şəbəkələrdə də geniş yayılmağa başlayıb.
“Təxəyyülün köçəri ocağı” sərgisinin konsepsiyasından bəhs edən kurator bildirib ki, ekspozisiyanın əsas ideyasının mərkəzində məhz nostalji hissi dayanır. Bununla yanaşı, sərginin adı da dərin simvolik məna daşıyır. Burada üç əsas anlayış – təxəyyül, köçərilik və ocaq bir araya gəlir. Bu anlayışların hər biri insanın kimliyini, yaddaşını və mənsubiyyət hissini formalaşdıran mühüm məqamlarla əlaqəlidir.
“Sərgidə yalnız ümumbəşəri nostalji anlayışına müraciət etmirik. Eyni zamanda, Azərbaycan insanının bu duyğunu necə yaşadığını, onun fərdi və kollektiv yaddaşında nostaljinin hansı formalarda təzahür etdiyini göstərməyə çalışırıq. Ekspozisiyada nümayiş olunan müxtəlif instalyasiyalar və digər sənət əsərləri vasitəsilə mövzuya fərqli rakurslardan yanaşılır. Əsas məqsədimiz ziyarətçilərin nostaljini həm ümumbəşəri duyğu kimi hiss etmələrinə, həm də öz fərdi və kollektiv yaddaşlarında iz qoymuş hadisələri, məkanları və xatirələri yenidən yada salmalarına şərait yaratmaqdır. İstəyirik ki, hər bir tamaşaçı nümayiş olunan əsərlərdə öz həyatından müəyyən məqamlar tapsın və keçmişi ilə mənəvi bağ qura bilsin”, – deyə M.Abbasova diqqətə çatdırıb.
Sərgidə iştirak edən rəssamların və nümayiş olunan əsərlərin seçim meyarlarına toxunan kurator bildirib ki, əsas məqsəd nostalji anlayışını birbaşa və ənənəvi vizual obrazlarla təqdim etmək deyil, mövzuya daha geniş və çoxşaxəli yanaşmaq olub. Onun sözlərinə görə, nostalji olduqca fərdi və mürəkkəb anlayışdır. Hər bir insanın keçmişlə bağlı xatirələri, yaşantıları və emosional təcrübələri bir-birindən fərqlənir.
“Seçim prosesində rəssamlarla geniş müzakirələr aparır, nostaljinin onların şəxsi həyatlarında hansı məna daşıdığını, bu hissin yaradıcılıqlarında necə əks olunduğunu öyrənməyə çalışırdıq. Məhz həmin söhbətlər və sənətkarların mövzuya fərdi yanaşmaları əsasında əsərlər seçildi. Məqsədimiz rəssamların öz nostalji təcrübələrini sənət vasitəsilə ifadə etmələrinə, bu duyğuları tamaşaçılarla bölüşmələrinə imkan yaratmaqdır”, – deyə kurator fikirlərini yekunlaşdırıb.
Müxbir - Günel Alıyeva Fotoqraf - Azər İbrahimov

