Mədəniyyət · AZƏRTAC

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur xəbəri üçün şəkil

Lima, 16 oktyabr,

Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək “Xətai-Əjdahalı” xalçası Azərbaycan ilə Peru arasında dostluq və mədəni əməkdaşlığın rəmzinə çevriləcək.

Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Limada Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib. Azərbaycan səfirliyi tərəfindən Lima Metropoliten Muzeyinə hədiyyə edilən xalça Azərbaycanın milli irsinin və qədim xalçaçılıq ənənələrinin təbliğinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Meksikada və eyni zamanda Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev iki ölkə arasında diplomatik münasibətlərin 1996-cı il iyunun 25-də qurulduğunu xatırladıb. O, ötən 30 il ərzində siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Səfir Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə muzeyə təqdim olunan, Qarabağ xalçaçılıq məktəbinə aid “Xətai-Əjdahalı” xalçasının xalqımızın zəngin mədəni irsini və qədim sənət ənənələrini təcəssüm etdirdiyini vurğulayıb.

Lima şəhər meriyasının rəhbəri Fabiola Mariya Morales Kastilyo hədiyyəyə görə təşəkkürünü bildirib. O, xalçanın muzeyin Minillik Mədəniyyətlər Zalında daimi nümayişinin Peru ictimaiyyətinin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına və iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Tədbir çərçivəsində “Toxuculuq mədəniyyətləri: Azərbaycan tarixində Qarabağ xalçaları” mövzusunda konfrans keçirilib. Xalçaçılıq üzrə ekspert David Levi Fleşman Azərbaycan xalça sənətinin milli kimliyin, tarixi yaddaşın və yaradıcılığın ifadəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Konfransda “Xətai-Əjdahalı” xalçasının bədii xüsusiyyətləri, Qarabağ xalçaçılıq ənənəsinin zəngin kompozisiyası və əjdaha motivinin simvolik mənası barədə məlumat verilib. Daha sonra xalçanın açılışı və sertifikatının təqdim edilməsi mərasimi keçirilib.

Lima şəhər meriyasına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan xalçaları” nəşri də hədiyyə olunub. Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib, bəstəkarlarımızın əsərləri səsləndirilib və milli mətbəximizin nümunələri təqdim olunub.

Mərasimdə Peru dövlət qurumlarının, diplomatik korpusun, mədəniyyət və elmi dairələrin, yerli medianın nümayəndələri, eləcə də Peruda yaşayan azərbaycanlılar iştirak ediblər.

Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək Qarabağ xalçası ziyarətçilərə Azərbaycan xalçaçılıq sənətinin zənginliyi ilə tanış olmaq imkanı yaradacaq, eyni zamanda iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑