Berlin, 3 noyabr,
Ukraynadakı müharibənin nəticəsi uzun illər ərzində Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək. Buna görə də Ukraynaya dəstəyimiz həm Almaniyanın, həm də bütövlükdə Avropanın maraqlarına uyğundur.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mətbuata bəyanatında deyib.
Ukraynanın ən böyük dəstəkçisi kimi Almaniyanın üzərinə düşən məsuliyyəti yerinə yetirdiyini vurğulayan Kansler qeyd edib: “Biz bunu ona görə edirik ki, bu müharibə bizə birbaşa təsir göstərir”.
Lakin məsuliyyətin təkcə Almaniyanın deyil, bütün Avropa ölkələrinin üzərinə düşdüyünü deyən F.Merts NATO çərçivəsində 2026-cı il üçün Ukraynaya 70 milyard avro həcmində hərbi yardımın göstərilməsi barədə razılığa gəlindiyini, bütün tərəfdaşların bu öhdəliyə əməl etməli olduğunu vurğulayıb. Kansler bu məqsədlə gələn həftə Fransa və Böyük Britaniya ilə birlikdə, ondan sonrakı həftə isə Berlində “İstəklilər Koalisiyası”nın Sammitini keçiriləcəyəyini deyib. Hökumət başçısı həmin görüşdə üç əsas məqsədin - Ukraynaya göstəriləcək əlavə yardımın əlaqələndirilməsinin, atəşkəs əldə olunduqdan sonra Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinə hazırlığın bir daha təsdiqlənməsinin və praktiki olaraq davam edən diplomatik səylər çərçivəsində mövqelərin uzlaşdırılmasının müzakirə ediləcəyini bildirib.
“Biz Ukraynanı öz milli maraqlarımız naminə dəstəkləyirik. Çünki bu dəstək bütün Avropada təhlükəsizliyin, siyasi sabitliyin və sülhün qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə F.Merts vurğulayıb.
Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin

