Dünya üzrə mərkəzi banklar 2026-cı ilin üçüncü rübündə qızıl alışlarını sürətləndirərək 2024-cü ilin sonundan bəri ən yüksək rüblük göstəriciyə nail olublar. Neftin bahalaşması, yüksək faiz dərəcələri və qızıl qiymətlərinin ucuzlaşmasına baxmayaraq, mərkəzi bankların qiymətli metala tələbatı güclü olaraq qalır.
Marja.az xəbər verir ki, Dünya Qızıl Şurasının (World Gold Council – WGC) noyabrın 3-də açıqladığı hesabata əsasən, mərkəzi banklar 2026-cı ilin iyul–sentyabr aylarında xalis 321 ton qızıl alıblar.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42% artım deməkdir. Beləliklə, 2026-cı ilin ilk doqquz ayında dünya mərkəzi banklarının ümumi xalis qızıl alışları 675 tona çatıb. Bu göstərici ötən ilin müvafiq dövründən 6% yüksəkdir.
Dünya Qızıl Şurası bildirir ki, mərkəzi bankların davamlı alışları qlobal qızıl bazarında qiymətləri dəstəkləyən mühüm amillərdən biri olaraq qalır.
Çin və Polşa ən çox qızıl alan ölkələr olub
Hesabata əsasən, üçüncü rübdə qızıl ehtiyatlarını artırdığını rəsmi şəkildə açıqlayan mərkəzi banklar arasında Çin və Polşa ilk yerləri tutub. Çin Mərkəzi Bankı hesabat dövründə qızıl ehtiyatlarını 63 ton, Polşa Mərkəzi Bankı isə 41 ton artırıb. Rusiya isə üçüncü rübdə 19 ton qızıl sataraq açıqlanan göstəricilər üzrə ən böyük xalis satıcı olub. Bununla belə, mərkəzi bankların qızıl alışlarının əhəmiyyətli hissəsi rəsmi statistikada birbaşa əks olunmayıb.
Dünya Qızıl Şurasının hesablamalarına görə, ümumi alışların təxminən üçdə ikisi monetar qurumlar tərəfindən ictimaiyyətə açıqlanmayıb. Bu səbəbdən WGC-nin tərəfdaşı olan Metals Focus konsaltinq şirkəti mərkəzi bankların faktiki alış həcmlərini müəyyənləşdirmək üçün rəsmi məlumatlardan, beynəlxalq ticarət statistikasından və bazar araşdırmalarından istifadə edir.
Qızılın ucuzlaşması mərkəzi bankların alışlarını stimullaşdırıb
2026-cı ilin fevral ayının sonunda İranla müharibənin başlamasından sonra qızılın qiyməti təxminən 25% ucuzlaşıb. Yaxın Şərqdə hərbi münaqişənin neft və enerji qiymətlərini yüksəltməsi inflyasiya təzyiqlərini gücləndirib. Bu isə dünya üzrə faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntiləri artırıb. Qızıl faiz gəliri gətirməyən aktiv olduğundan yüksək faiz dərəcələri onun investisiya cəlbediciliyinə mənfi təsir göstərə bilir.
Dünya Qızıl Şurasının baş bazar strateqi Con Rid (John Reade) hesab edir ki, üçüncü rübdə qızılın qiymətinin zəifləməsi bəzi mərkəzi bankları alışlarını artırmağa təşviq etmiş ola bilər. Onun fikrincə, ABŞ dollarının uzunmüddətli perspektivdə ucuzlaşacağını gözləyən mərkəzi banklar dolların hazırkı yüksək məzənnəsindən istifadə edərək ehtiyatlarının müəyyən hissəsini qızıla yönəldə bilərlər. Xüsusilə ödəmə müddəti başa çatan qısamüddətli ABŞ dövlət istiqrazlarından əldə olunan vəsaitlərin qızıla yönəldilməsi bəzi monetar qurumlar üçün cəlbedici seçimə çevrilə bilər.
Qızıl fondlarına rekord həcmdə vəsait daxil olub
Mərkəzi bankların alışları ilə yanaşı, qızıla investisiya edən birja fondlarına (ETF) maraq da yüksək olub. Dünya Qızıl Şurasının məlumatına görə, üçüncü rübdə qızılla təmin edilmiş ETF-lərin ehtiyatları 211 ton artıb. Bununla da həmin fondların idarə etdiyi qızılın ümumi həcmi rekord səviyyəyə – 4256 tona çatıb. Üçüncü rübdə qızıl ETF-lərinə daxil olan vəsaitlərin dəyəri isə rekord 31 milyard ABŞ dolları təşkil edib.
İnvestorların bu fondlara marağının artması geosiyasi risklər, dövlət maliyyəsinin dayanıqlılığı ilə bağlı narahatlıqlar və inflyasiya gözləntiləri ilə əlaqələndirilir.
Zərgərlik məmulatlarına tələbat son 26 ilin ən aşağı səviyyəsindədir
Mərkəzi banklar və investisiya fondları qızıl alışlarını artırdığı halda, zərgərlik sektorunda əks tendensiya müşahidə olunub.2026-cı ilin üçüncü rübündə dünya üzrə qızıl-zinət əşyalarına tələbat illik müqayisədə 17% azalaraq 313 tona düşüb. Bu, Dünya Qızıl Şurasının 2000-ci ildən bəri apardığı statistikada üçüncü rüblər üzrə ən aşağı göstəricidir.
Azalmanın əsas səbəbləri arasında qızılın yüksək qiyməti, Hindistan və Çində vergi dəyişiklikləri, eləcə də istehlakçıların daha yüngül və aşağı əyarlı zərgərlik məmulatlarına üstünlük verməsi göstərilir.
Bununla belə, qiymətlərin yüksək olması səbəbindən zərgərlik məhsullarına tələbatın pul ifadəsində dəyəri 2% artaraq 43 milyard ABŞ dollarına yüksəlib.
Qızıl külçələrə və sikkələrə tələbat 19% azalıb
Üçüncü rübdə qızıl külçələrə və sikkələrə qlobal tələbat 19% azalaraq 268 tona düşüb. Dünya Qızıl Şurası bu azalmanı fərdi investorların qiymətlərin gələcək istiqaməti ilə bağlı daha aydın siqnallar gözləməsi ilə izah edir. Lakin Çin bazarında fərqli mənzərə müşahidə olunub. Çində qızıl külçə və sikkələrə tələbat üçüncü rübdə 7% artaraq 79 tona yüksəlib. Bununla da ölkədə ilin ilk doqquz ayı ərzində qızıl külçə və sikkə alışları rekord 393 tona çatıb.
Qızıl hasilatı rekord qırıb, təkrar emal azalıb
2026-cı ilin üçüncü rübündə dünya üzrə mədənlərdən qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1071 tona yüksəlib. Bu, üçüncü rüblər üzrə rekord hasilat göstəricisidir.
Digər tərəfdən, köhnə qızılın təkrar emalı 8% azalaraq 314 tona düşüb. Bu, 2023-cü ildən bəri ən aşağı səviyyədir. Ümumilikdə, üçüncü rübdə qlobal qızıl tələbatı bir il əvvəllə müqayisədə 1% azalaraq 1369 ton təşkil edib.
İlin ilk doqquz ayında isə qızıla ümumi tələbat 3881 tona çatıb. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 3884 tonluq rekord səviyyəyə çox yaxındır.
Qızıla tələbatın pul ifadəsində dəyəri isə ilk doqquz ayda rekord 566 milyard ABŞ dollarına yüksəlib.
Dünya Qızıl Şurası güclü üçüncü rüb nəticələrindən sonra mərkəzi bankların 2026-cı ildəki ümumi qızıl alışlarının ən azı 2025-ci ilin səviyyəsinə çatacağını gözləyir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da

