Bakı.Trend:
Android əməliyyat sisteminin Azərbaycanın bazarındakı payı azalıb.
Trend-in "Global Stats" analitik platformasının məlumatları əsasında apardığı hesablamalara əsasən, 2026-cı ilin oktyabr ayının yekunlarına görə, Android-in Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 1,55 faiz bəndi azalaraq 54,9 faiz təşkil edib.
Bununla belə, Android Azərbaycanda əməliyyat sistemləri arasında liderliyini qoruyub. İkinci yerdə Microsoft Windows qərarlaşıb. Bu əməliyyat sisteminin bazar payı ay ərzində 0,16 faiz bəndi azalaraq 29,51 faiz olub.
Üçüncü yerdə isə 11,71 faiz bazar payı ilə iOS qərarlaşıb. Bu göstərici sentyabr ayı ilə müqayisədə 1,23 faiz bəndi artıb.
Global Stats-ın məlumatlarına əsasən, 2026-cı ilin oktyabr ayının yekunlarına görə, Android dünya əməliyyat sistemləri bazarında da liderliyini qoruyub. Microsoft Windows ikinci, iOS isə üçüncü yerdə qərarlaşıb.
Android-in rəsmi saytında dərc olunan məlumata görə, Android 17 əməliyyat sisteminin hazırda qüvvədə olan əsas versiyasıdır. Google bu versiya üçün yeniləmələrin buraxılışını davam etdirir. Belə ki, 2 oktyabr 2026-cı ildə dəstəklənən cihazlar üçün növbəti rüblük yeniləmə olan Android 17 QPR 3 Beta 1 versiyası təqdim edilib.
Məlumatda bildirilir:
"Android 17-nin ilkin buraxılışının inkişafını davam etdirərək, platformanı təkmilləşdirir, aşkar edilmiş problemləri aradan qaldırır və sonradan dəstəklənən cihazlarda əlçatan olan yenilikləri tətbiq edirik. Bu yeniləmələr Quarterly Platform Releases (QPR) proqramı çərçivəsində hər rüb buraxılır və həm Android Açıq Mənbə Layihəsində (AOSP), həm də Feature Drops yeniləmələrinin tərkibində Google Pixel cihazlarında əlçatan olur.
Bu yeniləmələrə tətbiqlərin işinə təsir edən API dəyişiklikləri daxil olmasa da, zərurət yarandıqda tərtibatçıların öz tətbiqlərini həmin versiyalarda sınaqdan keçirə bilmələri üçün QPR-ın ən son beta versiyalarının sistem obrazlarını təqdim edirik. Bu, xüsusilə istifadəçi təcrübəsinə təsir göstərə biləcək yeni funksiyaların tətbiqinin planlaşdırıldığı hallarda aktualdır".

