Stokholm, 4 noyabr, АZƏRTAC
İsveçin Höteborq şəhərində Azərbaycanın Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş şahmat turniri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Turnirdə Höteborq şəhərində və ətraf bölgələrdə yaşayan ümumilikdə 16 uşaq və gənc iştirak edib.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Höteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova açılış nitqi ilə çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm əhəmiyyətindən danışıb.
Tədbirin rəsmi hissəsində Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca turnirin təşkilinə və keçirilməsinə böyük dəstək göstərən şahmat ustası Pərviz Abbaszadə yarışa start verib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, Mikayıl Kərimli birinci, Nuray Abbaszadə ikinci, Oğuzxan Hüseyn üçüncü, Fatma Hüseyn isə dördüncü yerə layiq görülüblər.
Nərgiz Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Stokholm





