İdman · AZƏRTAC

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib xəbəri üçün şəkil

Bakı, 2 noyabr,

Oktyabrın 31-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027-ci illər mövsümünə start verilib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, A və B qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutub.

A qrupunda Azərbaycan İdman Akademiyası ilə Bakı Mühəndislik Universitetinin komandaları üz-üzə gəlib. Görüş 3:2 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 7:4, Odlar Yurdu Universitetinin komandası ADA Universitetinin komandasına 6:1 hesabla qalib gəlib.

Liqanın B qrupunda qarşılaşan Bakı Slavyan Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 1:8 hesabla məğlub olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 1:0, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 8:1, Azərbaycan Texniki Universitetinin komandası Bakı Ali Neft Məktəbinin komandasına 2:0 hesabla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑