Bakı, 2 noyabr,
Çempionatda klublar arasında rəqabətin olması futbolumuzun inkişafı və güclənməsi baxımından müsbət haldır.
Bu fikri AZƏRTAC-a açıqlamasında futbol üzrə U-18 Azərbaycan millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.
O bildirib ki, çempionatın hazırkı mərhələsində çempionluq mübarizəsi ilə bağlı proqnoz vermək hələ tezdir. Onun sözlərinə görə, klublar arasında həm nəticə, həm də oyun səviyyəsi baxımından rəqabətin artması müsbət tendensiyadır: “Bu turda qeydə alınan nəticələri sensasiya hesab etmirəm. Düşünürəm ki, bunlar komandaların oyununa uyğun normal nəticələrdir. Çempionatın bu şəkildə davam etməsi səviyyəsinin yüksəlməsinə kömək edəcək”.
M.Qurbanov “Turan Tovuz”un çıxışına da münasibət bildirib. O, komandanın turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərlə oyunlarda xal itirməsini əsas problemlərdən biri kimi qiymətləndirib: “Turan Tovuz”un “Sabah” üzərində qələbə qazanmasını normal və gözlənilən hesab edirəm. Komanda yuxarı pillələrdə qərarlaşan rəqiblərə qarşı inamlı oynasa da, aşağı pillələrdəki klublarla görüşlərdə eyni nəticəni göstərə bilmir. Xüsusilə mövsümün sonunda itirilən xallar komandaya baha başa gələ bilər”.
Baş məşqçi “Qarabağ”ın hazırkı oyun səviyyəsi və komandadaxili vəziyyəti barədə də danışıb. O, Ağdam təmsilçisinin əvvəlki oyununu nümayiş etdirmədiyini düşünür: “Qarabağ”ın əvvəlki oyununu görmürük. Güman edirəm ki, bu, yeni futbolçuların komandaya qoşulması ilə əlaqədardır. Son oyunda futbolçular arasında yaşanan insident isə əlbəttə ki, yaxşı hal deyil. “Qarabağ” uzun illərdir Azərbaycanı Avropada layiqincə təmsil edir. Buna baxmayaraq, düşünürəm ki, komanda çempionluq yarışından geri qalmayacaq”.
M.Qurbanov futbolçuların motivasiyasının azalmasının da komandanın çıxışına təsir edə biləcəyini istisna etməyib. O qeyd edib ki, əvvəlki illərdə Ağdam klubunda çıxış edən futbolçular uğur qazanmağa daha həvəsli və motivasiyalı idilər: “Əvvəlki “Qarabağ” daha güclü idi. O vaxt komandada oynayan futbolçular hər oyuna daha istəkli və aqressiv yanaşırdılar. Onlar daha çox uğur qazanmaq istəyirdilər. Heyət dəyişdikcə belə problemlərin üzə çıxması mümkündür”.
Təcrübəli mütəxəssis sabiq komandası “Kəpəz”in bu mövsümkü çıxışını da dəyərləndirib. O, Gəncə təmsilçisinin qazandığı nəticələrdən məmnun olduğunu bildirib: “Kəpəz”in oyunu və qazandığı nəticələr sevindirir. Komanda əvvəlki vəziyyətinə qayıtmağa çalışmalıdır. Hazırda turnir cədvəlində tutduğu mövqe və göstərdiyi nəticələr müsbətdir”.
Veteran futbolçu “Kəpəz”in mövsümün sonunda avrokuboklara vəsiqə qazanması ilə bağlı proqnoz verməyin isə tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, çempionatın başa çatmasına hələ xeyli vaxt və oyun qaldığından indidən belə bir ehtimalı dəyərləndirmək düzgün deyil.
Müxbir - Cavid Əliyev


