Bakı, 8 oktyabr,
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti (The George Washington University – GWU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilin idarə edilməsi istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ali təhsilin inkişafı, təhsilin idarə edilməsində müasir yanaşmalar, universitetlərin strateji inkişaf prioritetləri, elmi-tədqiqat fəaliyyətinin təşviqi və beynəlxalq akademik əməkdaşlığın əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, təhsil və elmi tədqiqat sahələrində əldə olunan nəticələr, beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi potensialın gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə tələbələrə ətraflı məlumat verib. O, həmçinin müasir universitetlərin qarşısında duran əsas çağırışlara, ali təhsil müəssisələrinin beynəlxalq akademik məkanda mövqeyinin gücləndirilməsinə və institusional inkişafda strateji idarəetmənin roluna toxunub.
İnteraktiv şəraitdə keçən görüşdə tələbələr onları maraqlandıran sualları rektora ünvanlayıb, ali təhsilin inkişafı və universitetlərin idarə olunması ilə bağlı məsələlər ətrafında müzakirələrdə iştirak ediblər. Elçin Babayev tələbələrin suallarını cavablandırıb, onların fikir və mülahizələrini dinləyib, müvafiq istiqamətlər üzrə öz təcrübəsini bölüşüb.
Görüş tələbələrin ali təhsil müəssisələrinin idarə edilməsinə dair nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirməsi, universitet rəhbərliyinin strateji baxışları ilə tanış olması və müasir ali təhsil sisteminin inkişaf perspektivlərini daha dərindən dərk etməsi baxımından əhəmiyyətli olub.



