Texnologiya · AZƏRTAC

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

“Azərkosmos” peyk dəstəkli 5G həlləri üzrə ixtisaslaşan Avropanın “Univity” şirkətinin texnologiyalarına həsr olunan vörkşop təşkil edib.

Kosmik Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azərkosmos”un və Azərbaycanın mobil operatorlarının nümayəndələri iştirak ediblər. Vörkşop zamanı peyk və mobil rabitə texnologiyalarının birgə istifadəsi, yeni nəsil 5G NTN(Non-Terrestrial Network- yerüstü olmayan şəbəkə) həllərinin Azərbaycanda tətbiqi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

5G NTN texnologiyası mobil rabitə şəbəkələrinin peyk vasitəsilə daha geniş əraziləri əhatə etməsinə imkan yaradır. Bu yanaşma xüsusilə mobil rabitənin zəif olduğu və ya yerüstü infrastrukturun qurulmasının çətin olduğu ərazilərdə bağlantının təmin edilməsi baxımından yeni imkanlar açır.

“Univity” nümayəndələri şirkətin peyk dəstəkli 5G texnologiyaları, texniki həlləri və onların tətbiq imkanları barədə məlumat veriblər. Şirkətin yanaşması mobil operatorlara mövcud şəbəkələrini peyk infrastrukturu ilə birləşdirərək əhatə dairəsini genişləndirməyə imkan verir.

Vörkşopda “Univity”nin “uniSpark” peyki ilə həyata keçirdiyi texnoloji sınağın nəticələri də təqdim olunub. 2026-cı ilin sentyabrında “uniSpark” peyki vasitəsilə millimetr dalğa (mmWave) tezliklərində kosmosdan iki istiqamətli 5G NTN bağlantısı uğurla sınaqdan keçirilib.

Tədbir çərçivəsində “Azərkosmos”, “Univity” və Azərbaycanın mobil operatorları arasında mümkün əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Azərbaycanda peyk dəstəkli 5G texnologiyalarının sınaqdan keçirilməsi və gələcəkdə pilot layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Peyk və mobil rabitə texnologiyalarının birgə istifadəsi ölkədə rabitənin əhatə dairəsinin genişlənməsinə, daha dayanıqlı və fasiləsiz bağlantının təmin olunmasına, eləcə də yeni nəsil rabitə xidmətlərinin daha geniş ərazilərdə əlçatan olmasına imkan yarada bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑