Bakı, 8 oktyabr,
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində süni intellekt texnologiyalarının məsuliyyətli, təhlükəsiz və səmərəli tətbiqi, innovasiyaların dəstəklənməsi və süni intellekt ekosisteminin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, strategiyanın icrası çərçivəsində süni intellektin tətbiqi ilə bağlı hüquqi və institusional mexanizmlərin yaradılması, məsuliyyətli və etik süni intellekt üzrə normativ-hüquqi bazanın formalaşdırılması, fərdi məlumatların mühafizəsi, süni intellekt sistemləri ilə bağlı risklərin idarə olunması, innovativ həllərin tənzimləyici test mühitində sınaqdan keçirilməsi və yüksək hesablama infrastrukturunun yaradılması istiqamətində sənədlər hazırlanıb.
Məsuliyyətli və etik süni intellekt
Strategiyanın əsas istiqamətlərindən biri məsuliyyətli və etik süni intellekt üzrə normativ-hüquqi bazanın yaradılmasıdır. Bu məqsədlə “Məsuliyyətli və etik süni intellekt sistemlərinə dair tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.
Sənəd Azərbaycanda yaradılan, təkmilləşdirilən və ya istifadə olunan məsuliyyətli və etik süni intellekt sistemlərinə dair tələbləri müəyyən edir.
Layihə hazırda aidiyyəti dövlət qurumları ilə təkrar razılaşdırılma mərhələsindədir.
Fərdi məlumatların mühafizəsi
Süni intellektdən istifadə zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması məqsədilə ayrıca qaydalar hazırlanır.
Bu məqsədlə “Süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması Qaydaları”nın təsdiqi haqqında Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət qurumları ilə ilkin razılaşdırmaya təqdim olunub. Hazırda layihənin yekun variantı üzrə iş aparılır.
Tənzimləyici Test Mühiti
İnnovativ rəqəmsal həllərin, o cümlədən süni intellekt texnologiyalarının geniş tətbiqindən əvvəl onların təhlükəsiz və nəzarət olunan şəraitdə sınaqdan keçirilməsi, effektivliyinin və mümkün risklərinin qiymətləndirilməsi üçün Tənzimləyici Test Mühitinin yaradılması nəzərdə tutulur.
Bununla bağlı “Hüquqi və fiziki şəxslər tərəfindən tətbiq olunan rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) effektivliyinin test rejimində qiymətləndirilməsi üçün Tənzimləyici Test Mühitinin həyata keçirilməsi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanıb və 4 qurumla razılıq əldə edilib, iki qurumla (İqtisadiyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) razılaşdırma mərhələsindədir.
Yüksəksəviyyəli hesablama infrastrukturu
Süni intellekt texnologiyalarının inkişafı üçün zəruri yüksək hesablama imkanlarının formalaşdırılması məqsədilə “Yüksəksəviyyəli hesablama infrastrukturuna dair tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Azərbaycan Respublikasında süni intellektin inkişafı, tətbiqi və idarə edilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin yüksəksəviyyəli hesablama infrastrukturuna dair zamanla dəyişən texnoloji ehtiyaclara və sənaye standartlarına uyğunlaşa bilən, geniş tətbiq sahələrinə malik süni intellekt həllərinin inkişafına zəmin yaradan tələbləri müəyyən edir.
Növbəti mərhələ
Hazırlanan sənədlərin razılaşdırılması və təsdiqi üzrə işlər davam etdirilir. Sənədlər yekunlaşdırıldıqdan sonra məsuliyyətli və etik süni intellekt prinsipləri, fərdi məlumatların mühafizəsi, Tənzimləyici Test Mühiti və yüksək hesablama infrastrukturu üzrə müvafiq çərçivə və tələblərin ictimaiyyətə açıq şəkildə təqdim edilməsi nəzərdə tutulur.
Sənədlər təsdiq edildikcə və yeni tədbirlər həyata keçirildikcə, bu barədə əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq.
