İdman · AZƏRTAC

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur xəbəri üçün şəkil

Bakı, 4 noyabr,

Mövsümün ilk turundan çempionatın gərgin və maraqlı keçəcəyi hiss olunurdu. Artıq bunun canlı şahidi oluruq. Komandaların heç biri məğlub olmaq istəmir. Bu, həm yüksək hədəfləri olan, həm də turnir cədvəlinin aşağı pillələrində qərarlaşan kollektivlərə aiddir. Üst sıralar uğrunda mübarizə aparan komandaların sayının artması çempionata əlavə rəng qatır. Düşünürəm ki, qarşıdakı turlarda bizi daha gərgin oyunlar gözləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasında sonuncu - X turu şərh edərkən deyib.

O bildirib ki, hazırda aşkar favorit göstərmək çətindir: “Nəhayət istədiyimiz “Neftçi”ni görməyə başlayırıq. “Sabah”a qarşı güclü oyun sərgiləyən “Turan Tovuz” da öz potensialını ortaya qoydu. Arzulayırıq ki, “Qarabağ” tezliklə əvvəlki oyununa qayıtsın və həm ölkə çempionatında, həm də Avropada bizi sevindirməyə davam etsin. “Sabah” müəyyən problemlərlə üzləşsə də, öz oyun üslubuna sadiq qalır və bunu davam etdirir. “Zirə” də çətinliklərə baxmayaraq, sona qədər mübarizə aparır, hər xal uğrunda döyüşür. “Kəpəz” isə bu çempionatın sevindirən komandalarından biridir. “Neftçi”nin əvvəlki gücünə qayıtmasını qeyd etdik. İnanıram ki, “Kəpəz” də yüksəlişini davam etdirərək əvvəlki mövqelərinə qayıda biləcək. Bunu maraqla gözləyirik”.

V.Sadıqovun sözlərinə görə, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar da xallarını artırmaq üçün mübarizə aparırlar: “Şamaxı” intizamlı futbolu ilə hər rəqib üçün ciddi problem yaradır. “Qəbələ” və digər komandalar da öz oyunlarını tapmağa çalışırlar. Hesab edirəm ki, “Kəpəz” və “Şamaxı”nın daha iddialı komandalara çevrilməsi üçün zamana ehtiyac var. Əgər inkişaflarını davam etdirib daha güclü kollektivlər formalaşdıra bilsələr, gələcəkdə Avropa yarışlarına vəsiqə uğrunda mübarizə aparan komandaların sayı da arta bilər. Rəqabətin artması isə ümumilikdə Azərbaycan futbolunun inkişafına xidmət edəcək”.

Qeyd edək ki, X turun oyunlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” isə “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” - “Zirə” (2:2), “Qəbələ” - “Qarabağ” (0:0), "Sumqayıt" - "Şəfa" (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑