Pekin, 27 oktyabr,
Rəsmi Pekin Avropa İttifaqının (Aİ) Çin kimyəvi maddələri, mebelləri və maşınları üçün daha geniş idxal məhdudiyyətlərini nəzərdən keçirməsi fonunda Avropanı bazar iqtisadiyyatına hörmət etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu fikirləri gündəlik mətbuat brifinqində səsləndirib.
"Çin ümid edir ki, Avropa tərəfi bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmət edəcək, ticarət müdafiəsi vasitələrindən sui-istifadədən çəkinəcək, Çin-Aİ münasibətlərinin sağlam və sabit inkişafını təşviq etmək üçün konkret tədbirlər görəcək", - deyə Çin XİN rəsmisi deyib.
Onun sözlərinə görə, Çin-Aİ ticarət və investisiya məsləhətləşmə mexanizminin ikinci iclasında müsbət irəliləyiş əldə edilib: “Bu, iki tərəfin iqtisadi və ticarət məsələləri üzrə fikir ayrılıqlarını dialoq, məsləhətləşmə yolu ilə tam şəkildə həll edə biləcəyini göstərir. Qarşılıqlı hörmət əsasında dialoq və məsləhətləşmələrin gücləndirilməsi, iqtisadi-ticarət əməkdaşlığının dərinləşdirilməsi hər iki tərəfin ortaq maraqlarına uyğundur, hər iki ölkədəki biznes və insanların ümumi gözləntisidir”.
Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin
