Ukraynaya hərbi dəstək ABŞ və digər Qərb müttəfiqlərinə nisbətən az vəsaitə başa gəlir, lakin onlar Ukraynaya daha geniş imkanlar verməlidirlər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında Texas ştatını təmsil edən respublikaçı Den Krenşou “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində bildirib.
“Ukraynaya dəstək üçün ayrılan vəsaitlər hətta Rusiyanın təcavüzünün ilk mərhələsində belə ABŞ-ın müdafiəyə xərclədiyi ümumi məbləğin cüzi bir hissəsini təşkil edirdi. Üstəlik, bu vəsaitlərin böyük hissəsi Amerika istehsalı olan hərbi texnikanın alınmasına sərf olunurdu”, – deyə o izah edib.
Onun sözlərinə görə, ABŞ büdcəsi üçün nisbətən kiçik olan bu xərclər Rusiyanın Ukrayna sərhədlərində dayandırılmasına və Avropada “onilliklər boyu sülhün” təmin edilməsinə imkan yarada bilərdi:
“Əgər Rusiya Ukraynanı ələ keçirsəydi, Vladimir Putin NATO-nun daha dörd üzvü ilə həmsərhəd olardı. Bu isə uzun illər davam edəcək gərginliyə və əlavə maliyyə xərclərinə gətirib çıxaracaqdı. Bu, heç vaxt mürəkkəb strateji qərar olmayıb”.
O əlavə edib ki, hazırda da Ukraynaya maliyyə və hərbi dəstək Qərb müttəfiqlərinə baha başa gəlmir. Bunun səbəbi Ukraynanın öz hərbi-sənaye bazasını yaratmasıdır. Onun sözlərinə görə, hazırda Ukraynanın ABŞ-dan əsas ehtiyacı kəşfiyyat məlumatları və raket hücumundan müdafiə sahəsində yardımdır.

.jpg)

