Gündəm · Axar.az

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı xəbəri üçün şəkil

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır.

Axar.az xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub. İbtidai və orta təhsilini başa vurduqdan sonra 1993-cü ildə İstanbulda Behçet Kamal Çağlar Liseyini bitirib.

1999-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin İnformasiya və sənəd idarəçiliyi ixtisasına qəbul olub. Lakin təhsilinin ikinci ilində universitetdən xaric edilib. Tərcümeyi-halında “ailəvi və ideoloji səbəblərə görə universiteti tərk etmək məcburiyyətində qaldığı” yazılır.

Hərbi xidmətdən sonra intensiv mütaliəyə başlayıb. Xüsusilə dinlər tarixi, Quran və hədis araşdırmaları, yaxın tarix və beynəlxalq münasibətlər sahələrini oxuyub.

1999-cu ildə Türkiyənin ilk onlayn İslam platformalarından birində rəhbər vəzifədə çalışıb.

2003-cü ildə Güzin xanımla ailə qurub. Bu nikahdan Məhəmməd Furkan və Mücahid Əhməd adlı iki oğlu, Nur Fələstin adlı bir qızı dünyaya gəlib. 2007-ci ildə boşanıb.

2007-ci ildə o, Ortaköydə "Boğaziçi Elm, Fəzilət, Təhsil və Yardım Dərnəyi"nin (Boğaziçi İlim Erdem Eğitim ve Yardımlaşma Derneği) təsisçi sədri kimi fəaliyyət göstərib. Yazıları veb-saytlarda, jurnallarda və qəzetlərdə dərc olunmağa başlayıb.

2006-cı ildə əsasını qoyduğu “Analiz Merkezi.com” veb-saytını inkişaf etdirərək, onu Türkiyənin ilk islamyönümlü xəbər və təhlil portalına çevirib.

"Hənif" ənənəsinə (İbrahimin təkallahlı inancı) və "İnqilabçı islam"a diqqət yetirərək, çoxsaylı mühazirələr və seminarlar keçirib.

Elə həmin il Ümmü Gülsüm xanımla ailə həyatı qurub. Onların Hira Sevra və Duru adlı iki qızı var.

Misirdəki çevrilişdən sonra o, Qahirəyə gedərək "Müsəlman Qardaşları" təşkilatı ilə əlaqə qurub, Rabaa əl-Adəviyyə meydanındakı nümayişlərdə iştirak edib və canlı yayımlar edib.

Hazırda AnalizMerkezi.com xəbər və təhlil saytının baş redaktoru və televiziya şərhçisi kimi fəaliyyətini davam etdirir.

Bu, Fateh Tezcanın özünün paylaşdığı “təmizlənmiş” tərcümeyi-halıdır, amma onun həyatı daha “zəngindir”.

Mustafa Kamal Atatürkə və Cümhuriyyətə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı barəsində 500-dən çox şikayət olan Fateh Tezcan haqqında axtarış qərarı çıxarılıb. Lakin onun xaricə qaçdığı məlum olub.

Fateh Tezcan “Atatürkü təhqir etmək” cinayəti üzrə aldığı 2 il 2 aylıq qəti həbs cəzasına görə 2022-ci ilin avqustunda həbs edilmişdi. Təxminən bir il həbsdə qaldıqdan sonra, 2023-cü ilin avqustunda azadlığa buraxılmışdı.

Azadlığa çıxdıqdan sonra da təhqirlərini davam etdirib. 2026-cı ilin aprelində yayılan məlumata görə, Tezcan barəsində "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək", "ictimaiyyətin bir hissəsini açıq şəkildə alçaltmaq" və "xalqı açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etmək" ittihamları ilə həbs qərarı çıxarılıb.

Polis tərəfindən axtarışda olan Tezcan qeydiyyat ünvanında tapılmayıb. POLNET sistemində qeyd olunmuş telefon nömrəsi vasitəsilə əlaqə saxlanıldıqda, Tezcan polis əməkdaşına xaricdə olduğunu bildirib və olduğu yeri açıqlamaqdan imtina edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑