Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb
Qlobal fiziki qızılla təmin olunan birjada ticarət olunan fondlara (ETF) sentyabr ayında 10 mlrd. ABŞ dolları vəsait daxil olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council - WGC) oktyabrın 7-də dərc etdiyi hesabatda bildirilib.
Məlumata görə, sentyabr ayında qızıl ETF-lərinə vəsait axını bütün regionlarda qeydə alınıb. Ən böyük daxilolmalar Avropa və Şimali Amerikada listinqdən keçən fondların payına düşüb.
Beləliklə, III rübdə qlobal qızıl ETF-lərinə daxil olan vəsaitin ümumi həcmi rekord 31 mlrd. ABŞ dollarına çatıb.
Qızılın qiymətinin aşağı düşməsinə baxmayaraq, fondların fiziki qızıl ehtiyatları sentyabr ayında 67 ton artaraq rekord 4 256 tona çatıb.
Eyni zamanda, qızıl ETF-lərinin idarə etdiyi ümumi aktivlərin (AUM) dəyəri aylıq müqayisədə 7% azalaraq 574 mlrd. ABŞ dolları olub.
III rüb ərzində qlobal qızıl ETF-lərinin ümumi aktivlərinin dəyəri 9% artıb, fondların ümumi qızıl ehtiyatları isə 211 ton yüksəlib.
Ölkələr üzrə III rübdə ən böyük vəsait axını ABŞ-da listinqdən keçən fondlarda qeydə alınıb. Böyük Britaniyada listinqdən keçən fondlar isə rüb ərzində tarixlərinin ən yüksək göstəricisinə nail olub.
Hesabatda qeyd olunub ki, qızıl ETF-ləri və digər analoji məhsullar qızıl bazarının əhəmiyyətli hissəsini təşkil edir. Bu fondlarda institusional və fərdi investorlar müxtəlif investisiya strategiyalarını həyata keçirirlər.



