İqtisadiyyat · Bakı Xəbər

İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi... xəbəri üçün şəkil



İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Məhəmməd Rza Nəqdi bildirib ki, İran Hörmüz boğazına tam nəzarət edir və Tehranın razılığı olmadan yaradılmış marşrutları bağlamağı planlaşdırır.

Nəqdi yaxın vaxtlarda bu marşrutların bloklanacağını və vəziyyətin Tehranın “qanuni tələbləri” yerinə yetirilənədək davam edəcəyini deyib. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın son aylarda ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini bildirməsi fonunda səslənib.

İranın Hörmüz boğazına tam nəzarət etdiyini bəyan etməsi və Tehranın razılığı olmayan marşrutları bağlamaqla hədələməsi ABŞ-İran qarşıdurmasının enerji bazarlarına və dünya neft təchizatına hansı təsirləri yarada bilər?

İlqar Vəlizadə: "İranın Hörmüz boğazına nəzarəti daha çox şərti xarakter daşıyır"

Politoloq İlqar Vəlizadə məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İran rəsmilərinin Hörmüz boğazına nəzarətlə bağlı səsləndirdiyi fikirlər daha çox siyasi ritorika xarakteri daşıyır. Onun sözlərinə görə, hadisələrin real gedişi göstərir ki, İranın tam nəzarət etmədiyi hissələrdən də gəmilər sərbəst şəkildə keçir və bu keçidlərə görə İrana hər hansı rüsum ödəmirlər.

Ekspert qeyd edib ki, İran tərəfi əvvəllər də Hörmüz boğazından keçən bütün gəmilərin Tehrana rüsum ödəməli olduğu barədə iddialar səsləndirib. Lakin faktiki vəziyyət bunun belə olmadığını göstərir. Bu baxımdan İranın boğaz üzərində tam və hüquqi nəzarətə malik olması barədə fikirlər reallığı tam əks etdirmir.

İlqar Vəlizadənin sözlərinə görə, bununla belə, İranın Hörmüz boğazında ciddi hərbi-siyasi imkanlara malik olması da danılmazdır. Tehran istənilən halda boğazdakı vəziyyəti mürəkkəbləşdirə, gəmiçilik üçün təhlükələr yarada və müəyyən istiqamətlərdən keçən gəmiləri hədəfə ala bilər. Bu baxımdan İranın boğaza nəzarəti şərti mənada mövcud sayıla bilər, lakin bu nəzarət hazırda tam şəkildə həyata keçirilmir.

Politoloq hesab edir ki, İranın gəmilərə qarşı birbaşa hərbi addımlara əl atması onun qarşısında daha geniş beynəlxalq qarşıdurma yarada bilər. Çünki belə vəziyyətdə Tehran yalnız ABŞ-la deyil, eyni zamanda gəmilərin sahibləri, bayraq dövlətləri və müxtəlif ölkələrlə üz-üzə qala bilər. Bu isə regional gərginliyi daha da artırmaqla yanaşı, İranın özünün də ciddi siyasi və iqtisadi təzyiqlərlə qarşılaşmasına səbəb ola bilər.

İranın Hörmüz boğazı ilə bağlı sərt ritorikasının dünya enerji bazarlarına təsirinə toxunan ekspert bildirib ki, bazar iştirakçıları artıq regionda baş verən gərginliklərə müəyyən dərəcədə adaptasiya olublar. Treyderlər mümkün riskləri əvvəlcədən nəzərə alır, enerji şirkətləri isə təchizatın pozulması ehtimalına qarşı müəyyən ehtiyat mexanizmlərindən istifadə edirlər.

Onun sözlərinə görə, bazarda neft təklifi kifayət qədər yüksək olduqda treyderlər tədarük imkanlarını genişləndirir və ehtiyatlar formalaşdırırlar. Gərginlik artdığı zaman isə mövcud rezervlərdən istifadə etməklə mümkün təchizat problemlərinin təsirlərini müəyyən qədər yumşaltmaq mümkündür. Bu səbəbdən Hörmüz boğazında yaranan gərginlik neft və digər enerji resurslarının qiymətlərində volatilliyi artırsa da, bunun avtomatik olaraq dünya iqtisadiyyatı üçün katastrofik nəticələr doğurması gözlənilmir.

İlqar Vəlizadə vurğulayıb ki, geosiyasi risklər neft bazarında qiymətlərin formalaşmasına mühüm təsir göstərir, lakin bazar yalnız siyasi xəbərlərlə hərəkət etmir. Təklif, tələb, mövcud ehtiyatlar, alternativ marşrutlar və qlobal iqtisadi aktivlik kimi amillər də qiymətlərin istiqamətini müəyyənləşdirir. Buna görə də Hörmüz boğazı ətrafında gərginliyin artması qiymətlərdə kəskin dalğalanmalar yarada bilər, lakin enerji bazarının mövcud ehtiyat və alternativ imkanları bu təsirin qlobal iqtisadiyyat üçün nəzarətsiz böhrana çevrilməsinin qarşısını müəyyən qədər ala bilər.

Dəniz NƏSİRLİ

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑