Bakı, 8 oktyabr,
Oktyabrın 7-də Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sahə haqqında" qanun layihəsi ictimai dinləmə formatında müzakirəyə çıxarılıb. Layihə ilə yanaşı, Mülki Məcəllədə, habelə "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə olunub. Komitə sədri Tahir Rzayev iclası açarkən Prezident İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyinin artırılmasını və məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.
AZƏRTAC mövzu ilə bağlı fikirlərini öyrənmək üçün “F Holding”in təsisçisi, sahibkar Fərid Mustafayevə müraciət edib.
- Təqdim olunan qanun layihəsini necə qiymətləndirirsiniz?
- Bu, aqrar sahənin inkişafı baxımından vacib addımdır. Sahibkar üçün ən önəmli məsələ qaydaların aydın, vahid və proqnozlaşdırılabilən olmasıdır. Aqrar sahəni bütövlükdə tənzimləyən qanunun qəbulu həm istehsalçıların, həm də investorların hüquqlarının daha dəqiq müəyyən olunmasına imkan yaradacaq. Uzunmüddətli investisiya qərarları məhz belə mühitdə verilir.
- Bir sıra qanunlarda dəyişiklik təklif olunur. Bunun əhəmiyyəti nədir?
- Kredit, büdcə, fitosanitar nəzarət və ekoloji təmiz kənd təsərrüfatı sahələri bir-biri ilə sıx bağlıdır. Fermer üçün maliyyə mənbəyinə çıxış, məhsulun keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğu, ekoloji standartlar bir zəncirin halqalarıdır. Qanunvericilikdəki dəyişikliklərin bir paket kimi müzakirə olunması bu halqaların bir-birini tamamlamasına xidmət edir.
- Dövlət başçısının qarşıya qoyduğu hədəflərə, xüsusilə ərzaq təhlükəsizliyinə münasibətiniz necədir?
- Ərzaq təhlükəsizliyi hər bir ölkənin iqtisadi müstəqilliyinin tərkib hissəsidir. Prezident İlham Əliyevin aqrar sektorun dayanıqlı inkişafını, torpaqdan səmərəli istifadəni və məhsuldarlığın artırılmasını əsas vəzifə kimi müəyyən etməsi sahibkarlar üçün aydın istiqamətdir. Biz, özəl sektor olaraq, bu hədəflərin reallaşmasında üzərimizə düşən məsuliyyəti dərk edirik.
- Sahibkarlıq subyektləri bu prosesdə hansı rolu oynaya bilər?
- Düşünürəm ki, istehsalın artırılması ilə yanaşı, emal sənayesinin inkişafına da diqqət artırılmalıdır. Yerli xammalın ölkə daxilində emalı əlavə dəyər yaradır, ixrac potensialını gücləndirir və kənddə yeni iş yerlərinin açılmasına şərait yaradır. Dövlət və özəl sektorun əməkdaşlığı bu prosesdə mühüm rol oynayacaq.
- Qanun layihəsinin növbəti mərhələləri ilə bağlı gözləntiləriniz nələrdir?
- Ümid edirəm ki, layihə növbəti oxunuşlarda sahibkarların, fermerlərin və mütəxəssislərin təklifləri nəzərə alınmaqla daha da təkmilləşdiriləcək. Biznes icması olaraq müzakirələrdə fəal iştirak etməyə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verməyə hazırıq.


