Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələrinin görüşü noyabrın 4-də Brüsseldə keçiriləcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, görüşlər danışıqlar qrupları səviyyəsində aparılacaq.
O qeyd edib ki, Avropa Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması prosesində mütləq iştirak etməlidir.
"Biz təhlükəsizlik sahəsindəki bütün çağırışlara, eləcə də bu müharibənin necə və hansı şərtlərlə başa çatmalı olduğuna dair vahid Avropa mövqeyinin formalaşdırılması üçün əlimizdən gələni edirik. Sülh ləyaqətli olmalıdır və yalnız bu halda uzunmüddətli ola bilər. Bu, əsas prinsiplərimizdən biridir. Sabah Brüsseldə komandalarımız da fəaliyyət göstərəcək. ABŞ, Avropa, NATO və Ukrayna nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək. Bu görüşlərdə bərpa paketləri və təhlükəsizlik təminatları müzakirə olunacaq", – deyə o bildirib.



