Pakistan Prezidenti Asif Əli Zərdari federal kabinetin qərarından sonra ölkənin şimal-qərbində yerləşən Xeybər Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib və həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin səlahiyyətlərini dayandırıb.
“Reuters” xəbər verir ki, bu barədə Pakistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qərar Baş nazir Şahbaz Şərif hökuməti ilə İmran Xanın rəhbərlik etdiyi “Pakistan Ədalət Hərəkatı” (PTI) partiyası arasında gərginliyin artdığı bir vaxtda qəbul edilib. Partiyanın tərəfdarları bir neçə gündür İmran Xanın azadlığa buraxılması tələbi ilə aksiyalar keçirir və paytaxt İslamabada yürüş etməklə hədələyirlər.
Şahbaz Şərifin ofisindən bildirilib ki, əyalət2 hökuməti islamçı silahlı qruplara qarşı mübarizədə lazımi tədbirlər görməyib.
Pakistan Konstitusiyası fövqəladə vəziyyət zamanı federal hökumətə əyalətin idarəetmə funksiyalarını öz üzərinə götürmək imkanı verir. Hüquq naziri Azam Nazir Tararın sözlərinə görə, əyalətə qubernator və məsləhət şurası rəhbərlik edəcək. Bu idarəetmə mexanizminin ilkin olaraq altı ay davam etməsi nəzərdə tutulur.
İmran Xanın yaxın köməkçisi və PTI-nin sözçüsü Zülfiqar Buxari qərarı “gülünc və qanunsuz” adlandırıb. O bildirib ki, bu addım ölkədə daha çox qan tökülməsinə və sabitliyin pozulmasına səbəb ola bilər.






