Gündəm · 525-ci qəzet

Laos Prezidenti Milli Məclisdə olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Laos Prezidenti Milli Məclisdə olub xəbəri üçün şəkil

Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfransın (AQEM) Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 525.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Laos Prezidentinin Bakıda keçiriləcək AQEM-in Zirvə görüşündə iştirakının əhəmiyyətindən danışan Milli Məclisin sədri Laosun bu platformada təmsil olunmasının yüksək qiymətləndirildiyini qeyd edib. Bu səfərin Laos dövlət başçısı səviyyəsində ölkəmizə ilk rəsmi səfər olduğunu vurğulayan spiker Sahibə Qafarova onun ikitərəfli münasibətlərdə yeni səhifə açacağına inamını ifadə edib.

Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan ali qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib. Həmçinin beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələlərinə toxunularaq diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.

Azərbaycanda sonuncu dəfə 44 il əvvəl olduğunu bildirən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu barədə fikirlərini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib.

Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını çatdıran Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında və təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.

Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, parlament komitələri arasında əməkdaşlığın təşviqi, beynəlxalq platformalarda koordinasiya mövzularına da toxunulub.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑