Gündəm · Globalinfo.az

Daha çox türkün, müsəlmanın həlak olmasını istəyirdiniz?!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Daha çox türkün, müsəlmanın həlak olmasını istəyirdiniz?! xəbəri üçün şəkil

Bəzən Azərbaycanı İsraillə əməkdaşlığına görə qınayanların səsi eşidilir. “Bəzən” yazıram, ancaq sözlərini əzib-büzənlər, bəzəyib-düzəyənlər bizi tez-tez və elə bugünlərdə də ittiham yağmuruna tutmaqdadır. Təəssüf doğuran budur ki, belə iradlar bir çox halda bizimlə eyni dini, ortaq tarixi-mədəni dəyərləri paylaşan, hətta qardaş bildiyimiz ölkələrdən də gəlir. Halbuki həmin ölkələrin bir qisminin İsraillə uzunillik siyasi, iqtisadi, hərbi və texnoloji əməkdaşlıq təcrübəsi vardır.

Belə olan halda sual yaranır: başqaları üçün mümkün və anlaşılan olan Azərbaycana niyə rəva görülmür? Yoxsa beynəlxalq münasibətlərdə tərəfdaşlığın da kimlər üçünsə ayrı-ayrı ölçüləri vardır? Azərbaycanın İsraillə münasibətləri, ilk növbədə, milli çıxarlara, qarşılıqlı yarara və suveren dövlətlərin müstəqil seçim hüququna əsaslanır. Bu əməkdaşlığın önəmli istiqamətlərindən biri müdafiə sənayesidir. Azərbaycan öz vəsaiti hesabına yeni nəsil silahlar əldə edib və həmin silahlar ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə, ərazi bütövlüyümüzün bərpasına müəyyən töhfələr verib. Bax, burada çox sadə, lakin mənəvi baxımdan olduqca ciddi bir sual meydana çıxır: Azərbaycan Ordusunun daha modern silahlarla təchiz olunması, hərbçilərimizin, mülki əhalinin həyatının qorunması, itkilərimizin azaldılması və torpaqlarımızın işğaldan qurtuluşu kimləri, nə üçün rahatsız etməlidir?

Axı qorunan canlar Azərbaycan vətəndaşlarının – türklərin, müsəlmanların, ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin canıdır. Bərpa edilən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyüdür. Aradan qaldırılan isə otuz ilə yaxın davam etmiş işğalın nəticələridir. Məgər bu, Türk dünyasının, İslam aləminin və beynəlxalq hüququn aliliyini müdafiə edən hər kəsin təqdir etməli olduğu hadisə deyilmi?

Özəlliklə İranın bəzi siyasi dairələrindən gələn ittihamlar ciddi suallar doğurur. Ermənistanla geniş əlaqələrini davam etdirən, işğal dönəmində Qarabağdakı separatçı rejimlə bağlı müxtəlif dəstək aktlarının, faktlarının ünvanına çevrilən Tehran hansı mənəvi-siyasi əsasla Azərbaycanın müdafiə tərəfdaşlığını mühakimə edə bilər? Burada əsas məsələ qonşuluq münasibətlərinin özüdür, yoxsa münasibətlərə yanaşmada prinsipial ardıcıllığın gözlənilməsidir?..

Azərbaycanın İsraillə əməkdaşlığı nə Türk dünyasına, nə İslam aləminə, nə də Fələstin xalqına qarşı yönəlib. Əksinə, Azərbaycan–Fələstin münasibətləri bu ittihamların nə qədər əsassız ümumiləşdirmələrə söykəndiyini göstərir. Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını, müstəqil dövlət qurmaq haqqını ardıcıl müdafiə edir. Ölkəmiz Fələstinə humanitar və maliyyə yardımları göstərib, Fələstin Dövlətinin Bakıdakı səfirliyinin fəaliyyətinə maliyyə dəstəyi verib. Fələstin Prezidenti Mahmud Abbasın, Baş nazir Məhəmməd Mustafanın Azərbaycana səfərləri də münasibətlərin siyasi məzmununu açıq-aydın nümayiş etdirir.

Əlbəttə, Fələstin siyasi təşkilatlarının keçmişi və müəyyən yaramaz mövqeləri ayrıca müzakirə mövzusu ola bilər. Ancaq bu, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna münasibətimizi dəyişmir. Azərbaycan üçün dövlətlə dövlətin münasibətləri bir məsələ, xalqın qanuni hüquqlarına sayğı isə başqa, həm də prinsipial məsələdir.

Burada daha geniş bir həqiqət də vardır: müstəqil dövlətin xarici siyasəti başqalarının ideoloji gözləntiləri ilə müəyyənləşmir; xarici siyasətin yönü milli çıxarlar və beynəlxalq hüquq qarşısındakı öhdəliklərlə müəyyənləşir. Azərbaycan kiminlə əməkdaşlıq edəcəyini üçüncü tərəflərin razılığına bağlaya bilməz. Necə ki, başqa dövlətlərin də suveren seçimlərinə eyni prinsiplə yanaşır. Bizim üçün İsraillə tərəfdaşlıq Fələstinlə dostluğun inkarı olmayıb. Fələstin xalqının hüquqlarını müdafiə etmək də İsraillə bütün münasibətlərin kəsilməsini tələb etmir. Diplomatiyanın yetkinliyi bax, bu fərqləri görə bilməkdə, təzadlı görünən münasibətləri milli çıxarlar və prinsipial mövqe əsasında uzlaşdıra bilməkdədir.

Azərbaycanın Qarabağ Zəfəri ilk növbədə dövlət ağlının, düzgün tərəfdaşlıq seçiminin, milli iradənin və siyasi uzaqgörənliyin nəticəsidir. Bu Zəfərə xidmət etmiş yaxud töhfə vermiş əməkdaşlığı ittiham predmetinə çevirmək, əslində, Azərbaycanın özünümüdafiə və işğaldan qurtuluş haqqını dolayısı ilə sorğulamaq təsiri bağışlayır.
Odur ki, bizə yönələn iradların cavabını faktlarda, təzadların ifşasında və dövlət mövqeyimizin aydınlığında axtarmalıyıq. Bizim başqaları ilə əməkdaşlığımızı anlamaq üçün xüsusi siyasi istedad gərəkmir; bunun üçün ədalətli düşüncə və bir qədər də dövlətçilik mədəniyyəti yetərlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑