“Vahid məktəbli forması təhsilin səviyyəsindəki çatışmamazlığı aradan qaldırdı”
Bu sözləri Yenicag-a açıqlamasında Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı bildirib.
A. Nağı vahid məktəbli geyim formasının təhsil ocaqlarında istifadəsini alqışlayıb:
“Nazirlər Kabinetinin qəbul etdiyi bu qərar hesab edirəm ki, məktəblərdə nizam-intizamın yaradılması, təhsil səviyyəsinin artırılması, müəllim-şagird münasibətlərinin düzgün istiqamətə yönəldilməsi məqsədilə həyata keçirilir. Doğru qərardır, məktəblərdə fərqli yanaşmalara son qoyulmalıdır. Şagirdlərin hamısı eyni geyimdə olmalıdır ki, tədris mühitini formalaşdırsın. Əgər müəllimlər də eyni formada dərsə gəlirlərsə təhsilin keyfiyyətinin artırılmasına səbəb olacaq. Bu məsələni nə Azərbaycanda, nə də Azərbaycandan kənarda hansısa qüvvələr tərəfindən heç kim dinə qarşı tədbir olaraq dəyərləndirməməlidir. Düşünürəm ki, bu qərar təhsilin keyfiyyətinin artmasına mane olan səbəbləri aradan qaldıracaq.”
Partiya sədri qeyd etdi ki, bu özbaşınalığ sabah hansısa ideologiyanın nümayəndəsinin ideoloji emblemi ilə dərsə gəlməsinə səbəb ola bilərdi ki, bunun qarşısı alındı:
“Bəzi şagirdlər qısa paltarda, bəzisi saqqalla gəlirlər, kimsə təsbehlə gəlir. Bəzisi varlı, bəzisi kasıb geyimdə gəlir. Bütün bunlar, eləcə də hicab təhsil prosesinə mane olur. Bəlkə kimsə sabah hansısa ideologiyanın nümayəndəsidir, bəlkə biri deyəcək LGBT nişanı ilə gəlmək istəyirəm, bunlara izn verilməməli və insanların dini inancları kənara qoyulub dövlətin maraqları qorunmalıdır. Hesab edirəm ki, dövlətin maraqları hər kəs üçün üstün olmalıdır.”
Nurlan Cəfəri


